ABŞ və İran Omanda danışıqların keçirilməsi barədə razılığa gəlmək üçün qarşılıqlı güzəştlərə gedib. Danışıqların əsas mövzusu İranın nüvə proqramı olacaq, eyni zamanda raket proqramı və İranın dəstəklədiyi silahlı qruplaşmalarla bağlı məsələlərə də toxunulacaq.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşr üç iranlı rəsmi şəxsə və bir ərəb ölkəsinin nümayəndəsinə istinadla yazır ki, ABŞ danışıqların Omanda keçirilməsinə və regional aktorların prosesə cəlb olunmamasına razılıq verib. Bunun qarşılığında isə İran rəsmiləri amerikalı həmkarları ilə birbaşa görüş keçirməyə razılaşıblar.
Məlumata görə, tərəflər danışıqların ilk növbədə İranın nüvə proqramına fokuslanması və mümkün razılaşma üçün çərçivə sənədinin hazırlanmasına yönəlməsi barədə razılığa gəliblər.
i24NEWS də rəsmi mənbələrə istinadən bildirir ki, ABŞ və İran arasında planlaşdırılan danışıqlarda əsas diqqət nüvə proqramına yönəlsə də, ballistik raketlər və İranın dəstəklədiyi silahlı qruplaşmalarla bağlı məsələlər də müzakirə olunacaq.
Qeyd olunur ki, İran daha əvvəl Vaşinqtonun danışıqların gündəliyini nüvə dosyesindən kənara çıxarmağa cəhd edəcəyi təqdirdə prosesi tərk edəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin mənbələrin bildirdiyinə görə, tərəflər kompromis variant üzərində razılaşıblar. Bu kompromis çərçivəsində raket proqramı və regional fəaliyyətlə bağlı məsələlər nüvə mövzusu ilə paralel şəkildə müzakirə olunacaq və gələcək mümkün razılaşma üçün ümumi çərçivənin formalaşdırılması hədəflənəcək.