İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-a məxsus strateji hərbi obyektlərə növbəti hava zərbələri endirib.
Modern.az xəbər verir ki, əməliyyat nəticəsində təşkilatın silah istehsalı üçün istifadə etdiyi iri emalatxana və silah-sursat anbarı məhv edilib.
İsrail ordusunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, hücum fevralın 5-də Şimali Qəzzada İsrail hərbçilərinə qarşı həyata keçirilmiş atəş açılması hadisəsinə cavab olaraq baş tutub.
Zərbələrdən biri Qəzza şəhərinin Zeytun rayonunda yaşayış binasında yerləşən silah anbarına, digəri isə Xan Yunis şəhərindəki gizli istehsalat sahəsinə endirilib. İsrail tərəfi bildirib ki, mülki itkilərin qarşısını almaq məqsədilə Zeytun rayonundakı hədəf vurulmazdan təxminən bir saat əvvəl əraziyə təxliyə ilə bağlı xəbərdarlıq edilib.
İsrail ordusu zərbələr zamanı ərazidə mülki şəxslərin olmadığını təsdiqlədikdən sonra hücumun həyata keçirildiyini açıqlayıb. Bununla belə, Fələstin mənbələri bəzi mülki binaların zərər gördüyünü iddia edir.