Rusiya hakimiyyətinə yaxınlığı ilə tanınan “WarGonzo” layihəsi ötən ilin noyabrında nəşrin xüsusi müxbiri Dmitri Seleznyovun İrəvana buraxılmaması ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətindən rəsmi cavab aldığını açıqlayıb.
Modern.az-ın məlumatına görə, cavabda qeyd olunur ki, jurnalistin fəaliyyəti Ermənistanın dövlət təhlükəsizliyinə, konstitusiya quruluşuna, ölkənin müdafiə qabiliyyətinə və ictimai asayişinə “təhdid” kimi qiymətləndirilib. Bu əsasla onun ölkəyə girişinə icazə verilmədiyi bildirilib.
“WarGonzo” redaksiyası hesab edir ki, müxbirin Ermənistana buraxılmamasının əsas səbəbi onun 2020-ci ildə Qarabağ ərazisində olması və həmin dövrdə baş verən hadisələri işıqlandırmasıdır.
Qeyd edək ki, Semyon Peqovun rəhbərlik etdiyi “WarGonzo” layihəsi regionla bağlı materiallarında Azərbaycana qarşı qərəzli və təxribatçı fəaliyyəti ilə tanınır.