Belçika ilə ABŞ arasında diplomatik qalmaqal yaranıb.
Modern.az xəbər verir ki, ABŞ-ın Belçikadakı səfiri Bill Uayt yerli hakimiyyət orqanlarını antisemitizmdə ittiham etdiyinə görə Belçika Xarici İşlər Nazirliyinə çağırılıb.
Belçikanın xarici işlər naziri Maksim Prevot səfirin açıqlamalarını “təhqiramiz və diplomatik normaları pozan” kimi qiymətləndirib.
Qalmaqal Antverpendə üç yəhudi dini ayin icraçısına tibbi təhsili və rəsmi lisenziyası olmadan sünnət əməliyyatı həyata keçirdikləri üçün aparılan istintaqla bağlıdır. Belçika qanunvericiliyinə əsasən, belə tibbi prosedurlar yalnız müvafiq ixtisas və icazə ilə icra oluna bilər.
Səfir sosial şəbəkədə paylaşdığı üç mesajda araşdırmanı “antisemit təqib” və “gülünc addım” adlandırıb. O, paylaşımında ABŞ-ın yüksək vəzifəli rəsmilərini də işarələyib. Bu isə rəsmi Brüsselin narazılığına səbəb olub və iki ölkə arasında diplomatik gərginlik yaradıb.