ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması İranla bağlı mümkün birbaşa əməliyyatlara hazırlıq kimi qiymətləndirilir.
Modern.az xəbər verir ki, "BBC Verify" nəşri Britaniyanın hərbi kəşfiyyat şirkətinin analitiklərinə istinadən bildirir ki, regiona əlavə qüvvələrin göndərilməsi geniş hədəf spektrinə qarşı hərəkət planını göstərə bilər.
Məlumata görə, "USS Gerald R. Ford" aviadaşıyıcısı Aralıq dənizinə doğru hərəkət edə bilər. Bundan başqa, döyüş əməliyyatlarının idarə olunmasını təmin edən iki ABŞ AWACS təyyarəsi Böyük Britaniyaya enib. Analitiklər bölgəyə yanacaqdaşıyan və nəqliyyat təyyarələrinin davamlı uçuşlarının uzunmüddətli əməliyyat hazırlığını göstərdiyini bildirirlər.
"Axios" nəşrinin yazdığına görə, son 24 saat ərzində ABŞ Yaxın Şərqə 50-dən çox F-35, F-22 və F-16 qırıcı təyyarəsi yerləşdirib.
Bununla paralel olaraq, fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarının növbəti raundu başa çatıb. Oman xarici işlər naziri Bədr əl-Busaidi görüşün “ümumi məqsədlərin və texniki məsələlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli irəliləyişlə” yekunlaşdığını bildirib. ABŞ rəsmisi tərəflərin irəliləyiş əldə etdiyini, lakin hələ çox detalın müzakirə edilməli olduğunu deyib.
İranın xarici işlər naziri Abbas Araqçi tərəflərin potensial saziş layihələri üzərində işləmək, təklifləri mübadilə etmək və növbəti görüşün tarixini müəyyənləşdirmək barədə razılığa gəldiyini açıqlayıb.