Türkiyədə geniş müzakirələrə səbəb olan, Nobel mükafatlı yazıçı Orhan Pamukun eyniadlı romanı əsasında çəkilmiş “Masumiyet Müzesi” serialı xarici tənqidçilərin rəylərində gözləntiləri tam doğrulda bilməyib.
Modern.az xəbər verir ki, 13 fevral 2026-cı ildə “Netflix” platformasında yayımlanan serial qısa müddətdə milyonlarla baxış toplayaraq Netflix Türkiyədə həftə ərzində ən çox izlənilən layihələrdən biri olub. Baş rolları Selahattin Paşalı və Eylül Lize Kandemirin canlandırdığı ekran işi beynəlxalq auditoriyada da maraqla qarşılanıb.
Qərb mediasında yayımlanan ilk resenziyalarda serialın vizual atmosferi, incəsənət yönümlü quruluşu və kinematoqrafiyası yüksək qiymətləndirilsə də, hekayənin təqdimat forması ilə bağlı tənqidlər səsləndirilib. Xüsusilə RogerEbert.com-da dərc olunan rəydə serialın estetik baxımdan uğurlu olduğu vurğulanır, lakin süjet xəttində romanın dərin psixoloji qatlarının yetərincə qorunmadığı qeyd olunur.
Tənqidçilərin fikrincə, baş qəhrəman Kemalın obsesiv sevgisi ekrana köçürülərkən əsərin fəlsəfi və psixoloji dərinliyi qismən itirilib, hekayə isə zaman-zaman həddindən artıq melodramatik təsir bağışlayıb. Bu yanaşma xarici kino tənqidçilərinin seriala daha məsafəli münasibət göstərməsinə səbəb olub.
Peşəkar tənqidlərdəki bu ehtiyatlı mövqe izləyici rəylərində də öz əksini tapıb. IMDb və Rotten Tomatoes kimi platformalarda serialın dövrün ruhunu və vizual üslubunu əks etdirməsi təqdir edilsə də, sosial mediada tamaşaçıların fikirləri iki yerə bölünüb. Bir qrup romanın özünəməxsus melanxolik ruhunun uğurla ekrana daşındığını düşünür, digər qrup isə hadisələrin tempini və “takıntı” mövzusunun yetərincə sorğulanmamasını əsas tənqid nöqtəsi kimi göstərir.