Modern.az

İran Rusiyadan 500 milyon avroluq raket alır

İran Rusiyadan 500 milyon avroluq raket alır

Dünya

22 Fevral 2026, 21:36

İran Rusiyayla 500 milyon avro (təxminən 589 milyon dollar) dəyərində gizli silah sazişi imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times"  qəzeti sızdırılmış sənədlərə və razılaşmadan məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, saziş 2025-ci ilin dekabrında Moskvada imzalanıb və Rusiya 2027–2029-cu illər ərzində İrana 500 ədəd daşınan “Verba” buraxılış qurğusu və 2 500 ədəd “9M336” tipli raket təhvil verməyi öhdəsinə götürüb. Bildirilir ki, razılaşma Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexport ilə İranın Müdafiə və Silahlı Qüvvələrin Logistikası Nazirliyinin Moskva nümayəndəliyi arasında aparılan danışıqlar nəticəsində əldə olunub.

Qəzet yazır ki, Tehran bu sistemləri ötən ilin iyulunda rəsmi şəkildə sifariş edib. 

Xatırladaq ki, ötən ilin iyununda ABŞ qüvvələri İranın əsas nüvə obyektlərinə zərbələr endirmişdi. ABŞ Prezidenti Donald Trump həmin vaxt İranın əsas nüvə infrastrukturunun məhv edildiyini bildirsə də, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsində zərbələrin proqramı tam sıradan çıxarmadığı, yalnız bir neçə ay geri saldığı qeyd olunmuşdu. İran rəsmiləri isə ölkənin hərbi imkanlarının bərpa olunduğunu və əvvəlkindən daha güclü olduğunu iddia edir.

Rusiya və İran arasında strateji tərəfdaşlıq müqaviləsi mövcuddur, lakin sənəddə qarşılıqlı müdafiə öhdəliyi yer almır. Bu ayın əvvəlində Rusiya hərbi-dəniz qüvvələrinin korveti İran donanması ilə Oman körfəzində birgə manevrlər keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?