Azərbaycanda ailədaxili münasibətlərlə bağlı yeni hüquqi yanaşma müəyyən edilib. Qəbul olunmuş qərara əsasən, həyat yoldaşının xarici görnüşü ilə bağlı alçaldıcı ifadələr işlətmək - məsələn, "köksən", "gözəl deyilsən" kimi sözlər demək müəyyən hallarda qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Modern.az xəbər verir ki, məsələ "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Ali Məhkəmə Plenumunun Qərarında əksini tapıb. Qərara əsasən, ailə üzvünün şəxsi və ailə sirrini yaymaq, onun bəyənilmədiyini nümayişkaranə şəkildə bildirmək və ya alçaldıcı ifadələrlə nüfuzuna xələl gətirmək hüquqi məsuliyyət yarada bilər.
Hüquqşünas Mircavid Miriyev bildirib ki, əgər bu cür ifadələr qarşı tərəfi alçaltmaq, nüfuzdan salmaq və ya ictimai qınaq obyektinə çevirmək məqsədi daşıyırsa, bu, təhqir və ya psixoloji zorakılıq kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərə baxarkən üç mühüm halı araşdırmalıdır: məlumatın alçaldıcı xarakter daşıyıb-daşımaması, həqiqətə uyğun olub-olmaması və yayılma faktının mövcudluğu.
Qeyd olunub ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldıran şəxs məlumatın ləkələyici xarakter daşıdığını sübut etməlidir. Cavabdeh tərəf isə həmin məlumatın həqiqətə uyğun olduğunu əsaslandırmağa borcludur.
Əgər alçaldıcı ifadələr kütləvi çıxışlarda, media və ya internet informasiya resurslarında yayılarsa və bu, şəxsin şərəf və ləyaqətinin qəsdən alçaldılması ilə nəticələnərsə, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən məsuliyyət yarana bilər. Bu halda 1 000 manatdan 1 500 manatadək cərimə və ya ağırlaşdırıcı hallarda altı ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Psixoloq Vüsalə Əmiraslanova isə bildirib ki, ailədaxili münasibətlərdə işlədilən alçaldıcı ifadələr insanlarda dərin psixoloji travmalar yarada bilər. Onun sözlərinə görə, xüsusilə qadınlar və yeniyetmələr mənəvi zorakılığa qarşı daha həssasdırlar.
Mütəxəssislər vurğulayırlar ki, əsas məqsəd insanları cəzalandırmaq deyil, ailə münasibətlərində qarşılıqlı hörmət və etik davranış mədəniyyətini gücləndirməkdir. (Baku TV)