Modern.az

Əcnəbilər bəzi sahələrdə işləyə bilməyəcək

Əcnəbilər bəzi sahələrdə işləyə bilməyəcək

Dünya

23 Fevral 2026, 15:56

Biz vətəndaşlarımızın maraqlarını, o cümlədən əmək maraqlarını qorumalıyıq. Bu, qəbul olunmuş beynəlxalq praktikadır-hər bir ölkə öz vətəndaşlarının maraqlarını qoruyur. Biz müəyyən etdik ki, hansı sahələrdə xaricilərin çalışması mümkündür və hansı sahələrdə bu məqsədəuyğun deyil.

Modern.az xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

"Bu, vətəndaşlarımızın məşğulluq baxımından həddindən artıq rəqabətlə üzləşməməsi üçün vacibdir. Qərara əsasən kvotalar müəyyən edilib, o cümlədən bəzi hallarda sıfır kvota tətbiq olunub. Bu isə o deməkdir ki, konkret sahələr müəyyənləşdirilib və həmin sahələrdə Gürcüstan vətəndaşlarına məşğulluq baxımından heç kim rəqabət apara bilməyəcək. Hesab edirəm ki, vətəndaşlarımızın əmək maraqlarını maksimum dərəcədə qoruya bildik”, - deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, hökumət xaricilərə əmək fəaliyyəti hüququnun verilməsi qaydasının təsdiqi barədə qərar qəbul edib. Kuryer xidməti və sərnişindaşıma fəaliyyəti üzrə sıfır kvota müəyyən edilib.

Daha dəqiq desək, Baş nazir İrakli Kobaxidzenin imzaladığı və 20 fevral tarixli qərar 1 mart 2026-cı ildən qüvvəyə minəcək.

Qərara əsasən illik kvotalar aşağıdakı peşə və əmək/sahibkarlıq fəaliyyətləri üzrə müəyyən edilib:

a) kuryer xidməti ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti – illik kvota 0;

b) sərnişin daşınması ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti – illik kvota 0;

c) turistlər üçün bələdçi xidməti göstərilməsi ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti – illik kvota 0;

d) turistlər üçün dağ, alpinizm və xizək bələdçiliyi xidməti ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti – illik kvota 200.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı