İtaliya polisi 2014-cü ildə Burundinin paytaxtı Bucumbura şəhərində üç italiyalı missioner rahibənin qətli ilə bağlı 50 yaşlı Burundi vətəndaşı Qiyom Haruşimanı saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Parma prokurorluğu məlumat yayıb.
İstintaqa görə, o, Olqa Rakyetti (83), Luçiya Pulici (75) və Bernadetta Boggianın 7–8 sentyabr 2014-cü ildə törədilmiş qətllərinin təşkilində və logistikasında iştirak etməkdə şübhəli bilinir. Bildirilir ki, cinayətlər həmin dövrdə Burundi xüsusi xidmət orqanlarının rəhbəri olmuş general Adolp Nşimirimanın göstərişi ilə törədilib.
Prokurorluq qətllərin mümkün səbəbləri kimi rahibələrin Konqoda yerləşdirilmiş silahlı dəstələrə tibbi yardım göstərməkdən imtina etməsi, Kamenge bölgəsində gənclər mərkəzinin maliyyələşməsi ilə bağlı mübahisə və ya dini ayin ehtimalını göstərib.
Məlumata görə, İtaliya prokurorları işi 2024-cü ildə yenidən araşdırmağa başlayıblar. Haruşimana isə 2018-ci ildə Parma şəhərinə təlim məqsədilə gəlib, dindirilərkən ittihamları rədd edib və qətllər zamanı ölkədə olmadığını bildirib. (Reuters)