Almaniyada pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizəni gücləndirmək məqsədilə parlament Silahlı Qüvvələrə daha geniş səlahiyyətlər verib.
Modern.az xəbər verir ki, qərara əsasən, artıq Almaniya Silahlı Qüvvələri (Bundeswehr) mülki qurumların müraciəti əsasında dronları ələ keçirmək, radioelektron maneə tətbiq etmək və ya zərərsizləşdirmək hüququna malik olacaq.
Qanun layihəsi Bundestaqda hakim Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU), Almaniya Sosial Demokrat Partiyası (SPD) və müxalif Almaniya üçün Alternativ (AfD) partiyasının dəstəyi ilə qəbul edilib.
Dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi təcili təhlükə hallarında əməliyyatlara müstəqil şəkildə başlamaq səlahiyyəti də əldə edir. Yeni qanun həmçinin hava limanlarının hava məkanında dron uçuranlara qarşı cəzaları sərtləşdirir – bu hallar artıq cinayət əməli sayılacaq və iki ilədək həbs cəzası nəzərdə tutulur. (Reuters)