Ukraynanın ilk hərbçiləri və hərbi mütəxəssislərindən ibarət qrup sabah pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sahəsində təlim keçmək məqsədilə Fars körfəzi ölkələrinə yola düşəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna ordusu son illərdə dron hücumlarına qarşı mübarizə sahəsində böyük təcrübə qazanıb və bu təcrübənin tərəfdaş ölkələrlə bölüşülməsi planlaşdırılır. Zelenski bildirib ki, Yaxın Şərq ölkələri PUA təhlükəsinin artması fonunda Ukraynanın praktiki döyüş təcrübəsinə xüsusi maraq göstərir.
Ukrayna lideri qeyd edib ki, göndəriləcək hərbi mütəxəssislər pilotsuz uçuş aparatlarının aşkarlanması, elektron mübarizə sistemlərinin tətbiqi, hava hücumundan müdafiə koordinasiyası və dron hücumlarının zərərsizləşdirilməsi kimi sahələr üzrə təlimlər keçirəcəklər.