İranın Ekspertlər Şurası tezliklə yeni Ali Liderin adını Elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə “fars” Agentliyinə Ekspertlər Şurasının sədr müavini Ayətullah Hüseyni Buşehri bildirib.
"İslam Respublikasının üçüncü Liderinin seçilməsi və namizədliyinin irəli sürülməsi prosesi ilə bağlı yekun hesabat tezliklə açıqlanacaq", - o deyib.
"Xalq əmin ola bilər ki, Ekspertlər Şurası tezliklə üçüncü Liderin seçilməsi və namizədliyinin irəli sürülməsi prosesi ilə bağlı yekun hesabatı qurumun Katibliyi vasitəsilə ictimaiyyətə rəsmi olaraq açıqlayacaq. Vətəndaşların inqilabi səbr göstərməsi və ölkədəki mövcud şəraiti nəzərə alması vacibdir", - Ayətullah Buşehri əlavə edib.
Bir qədər əvvəl "Pars Today" qəzeti Ekspertlər Şurasında 88 nəfər ruhaninin əksəriyyətinin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin lehinə səs verdiyi barədə məlumat yayıb.
İran konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Məclisi ölkənin Ali Liderini seçmək səlahiyyətinə malikdir. İranı 37 il idarə edən Xamenei 28 fevralda ABŞ-İsrail hava hücumu nəticəsində öldürülüb.