İsrailin Baş naziri Benjamin Netanyahu İranla müharibənin başlanmasından sonra ilk dəfə mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, ABŞ və İsrailin təxminən iki həftədir davam edən birgə zərbələrindən sonra İran “artıq əvvəlki İran deyil”.
Netanyahu qeyd edib ki, hücumlar nəticəsində İranın elit hərbi qüvvələrinə ciddi zərbələr endirilib. Onun sözlərinə görə, əməliyyatlar Tehranın hərbi potensialını zəiflədib və regiondakı vəziyyətə təsir göstərib.
Baş nazir həmçinin ABŞ prezidenti Donald Trump ilə demək olar hər gün danışdığını və iki lider arasında açıq və birbaşa əlaqənin olduğunu vurğulayıb.
Netanyahu çıxışında bildirib ki, İsrail İran daxilində rejim dəyişikliyi üçün şərait yarada bilər, lakin bunun həyata keçməsi İran xalqının küçələrə çıxmasından asılıdır.
O, İranın yeni ali dini lideri Müctəba Xamenei və “Hizbullah”ın rəhbəri Naim Qassem ilə bağlı mümkün addımlar barədə konkret plan açıqlamaqdan imtina edib.
“Bu terror təşkilatlarının liderlərinə həyat sığortası verəcək bəyanatlar vermərəm. Nə planlaşdırdığımız, nə də nə edəcəyimiz barədə konkret mesaj vermək niyyətində deyiləm”, – deyə Netanyahu bildirib.
İsrail hökuməti eyni zamanda İranın nüvə və ballistik raket proqramlarının yeraltı obyektlərə köçürülməsinin qarşısını almağı əsas məqsədlərdən biri kimi göstərir.