ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalar verib.
Modern.az xəbər verir ki, "Axios" nəşri G7 rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp bu fikirləri martın 11-də keçirilən G7 liderlərinin onlayn görüşü zamanı səsləndirib.
Məlumata görə, ABŞ prezidenti liderlərə İran təslim olmaq üzrədir” deyərək ölkədə belə bir qərarı rəsmi şəkildə elan edə biləcək səlahiyyətli şəxsin olmadığını iddia edib:
"Hamımızı təhdid edən xərçəngdən qurtulmuşuq, lakin ölkədə kimin lider olduğunu heç kim bilmir. Buna görə də təslimiyyət elan edə biləcək bir rəsmi yoxdur".
Görüş zamanı G7 liderləri ABŞ prezidentini müharibəni mümkün qədər tez bitirməyə çağırıblar. Onlar xüsusilə qlobal enerji və ticarət təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında təhlükəsizliyin qısa müddətdə bərpa edilməsinin vacibliyini vurğulayıblar.
Liderlərin çağırışına cavab olaraq Tramp boğaz bölgəsində vəziyyətin artıq yaxşılaşdığını bildirib və ticarət gəmilərinin fəaliyyətlərini bərpa etməsinin vacib olduğunu qeyd edib.