İsrail ordusu Tehranda “Bəsic” qüvvələrinin bir neçə üzvünün hava zərbələri nəticəsində öldürüldüyünü açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Ordunun bəyanatına görə, İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Tehranda yol nəzarət məntəqələrində yerləşdirilmiş “Bəsic” qüvvələrinin üzvlərinə zərbələr endirib və onların bir neçəsi öldürülüb.
“Bəsic” İran hakimiyyətinə bağlı könüllü yarımhərbi təşkilat hesab olunur. Bu qüvvələr adətən ölkədə hökumətə qarşı etiraz aksiyalarının qarşısının alınmasında istifadə olunur və son günlər Tehranın müxtəlif yerlərində yoxlama məntəqələri qurub.
İsrail ordusu bildirib ki, bu zərbələr İranın hərbi sistemlərini və əməliyyat iştirakçılarını sıradan çıxarmaq məqsədilə həyata keçirilən əməliyyatların bir hissəsidir.
İsrail rəsmiləri münaqişə ərzində dəfələrlə iranlıları hakimiyyətə qarşı etiraz etməyə çağırdıqlarını da qeyd ediblər.