BMT Təhlükəsizlik Şurasında İranın qonşu ölkələrə zərbələrini pisləyən qətnamə qəbul olunub. Sənəd Bəhreyn tərəfindən təqdim edilib və 13 üzv dövlət tərəfindən dəstəklənib. Rusiya və Çin isə səsvermədə bitərəf qalıb.
Modern.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Qətnamədə Tehrandan qonşu ölkələrə hücumları dərhal dayandırmaq tələb olunur və bu addımlar beynəlxalq hüququn pozulması, həmçinin beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirilir. Sənəd üzrə səsvermə martın 11-də keçirilib.
“Valday” klubunun eksperti Andrey Kortunov hesab edir ki, Moskvanın veto hüququndan istifadə etməməsi ABŞ-la münasibətləri gərginləşdirməmək istəyi ilə bağlı ola bilər. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar ərəfəsində Vaşinqtonu qəzəbləndirmək istəməyib.
“Faridaily” nəşrinin yazdığına görə, Kremlə yaxın iki yüksək vəzifəli rusiyalı məmur da bu versiyanı təsdiqləyib. Mənbələrin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın hakimiyyətdə olmasını Ukrayna müharibəsində Rusiya üçün imkan kimi görür.
Eyni zamanda “Vedomosti” qəzetinin Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsi bildirib ki, veto hüququndan istifadə etməmək qərarı region ölkələrinin mövqeyi nəzərə alınaraq verilib.
Rusiya daha əvvəl mülki əhaliyə və infrastruktur obyektlərinə hücumları pisləyən, bütün tərəfləri zorakılığı dayandırmağa çağıran alternativ qətnamə layihəsi təqdim edib. Lakin bu sənəd səs çoxluğu toplamadığı üçün qəbul olunmayıb.