Modern.az

İran savaşında kim itirəcək, kim qazanacaq...

İran savaşında kim itirəcək, kim qazanacaq...

Dünya

13 Mart 2026, 23:13

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar təkcə Yaxın Şərqdə deyil, qlobal iqtisadiyyat və enerji bazarlarında da ciddi dalğalanmalara səbəb olub. Müharibə bəzi ölkələr üçün yeni strateji imkanlar yaratsa da, bir çox dövlətlər üçün ağır iqtisadi nəticələr doğura bilər.

Modern.az-ın məlumatına görə, BBC bildirir ki, hazırkı vəziyyət xüsusilə enerji bazarlarında qeyri-müəyyənlik yaradıb. Hürmüz boğazı ətrafında dəniz nəqliyyatının pozulması və neft qiymətlərinin sürətlə artması dünya üzrə istehlakçıların və bizneslərin xərclərini yüksəldir. Eyni zamanda regionda sabitliyin pozulması yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.

Rusiyanın bu vəziyyətdən müəyyən geosiyasi və iqtisadi üstünlüklər əldə edə biləcəyi ehtimal edilir. Ekspertlərin fikrincə, Yaxın Şərqdəki müharibə ABŞ-ın hərbi resurslarının bir hissəsini Ukraynadan yayındıra bilər. Bundan başqa, neft qiymətlərinin artması Rusiya üçün əlavə büdcə gəlirləri deməkdir. Analitiklər bildirir ki, qiymətlərin 120 dollar səviyyəsinə yüksəlməsi Moskvanın enerji ixracından qazancını artırır və Çin və Hindistan kimi bazarlara daha çox neft satmasına imkan yaradır.

Çin isə müharibədən birbaşa ağır zərbə almayan ölkələrdən sayılsa da, dolayı təsirlərlə üzləşə bilər. Pekin idxal etdiyi neftin təxminən 12 faizini İrandan alır və müəyyən ehtiyatlara malikdir. Lakin qlobal ticarət marşrutlarında yaranan problemlər və dəniz nəqliyyatının bahalaşması Çin iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan ixrac sektoruna zərər vura bilər. Bununla yanaşı, bəzi analitiklər hesab edir ki, Çin diplomatik baxımdan özünü ABŞ-a qarşı “sabitlik gətirən güc” kimi təqdim etmək imkanı qazana bilər.

Müharibədən ən çox zərər görənlərin isə enerji idxalından asılı olan inkişaf etməkdə olan ölkələr olacağı proqnozlaşdırılır. Cənub-Şərqi Asiyada bir sıra dövlətlər artıq iqtisadi məhdudiyyətlər tətbiq etməyə başlayıb. Vyetnamda dizel qiymətləri müharibə başlayandan bəri 60 faiz artıb. Filippin hökuməti dövlət işçilərinin əksəriyyətini həftədə dörd gün işləməyə keçirib. Pakistanda isə yanacaq ehtiyatlarını qorumaq üçün bir çox dövlət qurumlarında məhdudiyyətlər tətbiq edilib və benzin satışına limit qoyulub.

Ekspertlər müharibənin nəticələrinin yalnız enerji bazarı ilə məhdudlaşmayacağını da vurğulayır. Hürmüz boğazı vasitəsilə dünyadakı karbamid (gübrə) tədarükünün təxminən 30 faizi daşınır. Bu marşrutda ciddi pozuntu yaranarsa, gələcək aylarda qlobal ərzaq qiymətlərində artım və ərzaq təhlükəsizliyi problemləri yarana bilər.

Beləliklə, İran ətrafında gedən müharibə bəzi ölkələr üçün siyasi və iqtisadi fürsətlər yaratsa da, enerji və ticarət şokları səbəbindən dünyanın böyük hissəsi üçün ciddi risklər və qeyri-müəyyənliklər yaradır.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?