Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan gərginlik fonunda İsrail və Livanı birbaşa danışıqlara başlamağa çağırıb və mümkün atəşkəs müzakirələrinə Parisdə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə Fransa lideri X hesabı üzərindən etdiyi paylaşımında bildirib.
O, Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvaf Salam və Parlamentin sədri Nəbih Berri ilə telefon danışığı apardığını bildirib. Makron Livanın sabitliyinin qorunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, “Livanın xaosa sürüklənməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə olunmalıdır”.
Fransa lideri regionda gərginliyin daha da artmaması üçün tərəfləri təmkinli davranmağa çağırıb. Makron xüsusilə İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasını eskalasiyadan çəkinməyə səsləyib.
Eyni zamanda o, İsraili Livan ərazisində genişmiqyaslı hücum və intensiv bombardman kampaniyasından çəkinməyə çağırıb. Makronun sözlərinə görə, bu hücumlar nəticəsində yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Fransa prezidenti bildirib ki, Livan hakimiyyəti İsraillə birbaşa danışıqlara hazır olduğunu artıq bəyan edib və bu prosesin sürətləndirilməsi vacibdir.
Makron vurğulayıb ki, Fransa tərəflər arasında atəşkəsə nail olmaq üçün danışıqları Parisdə təşkil etməyə hazırdır və regionda sabitliyin bərpası üçün diplomatik səylərini davam etdirəcək.