Ermənistanda yeni Konstitusiyanın layihə mətni artıq hazırlanıb və “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəyə çıxarılacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclasında məlumat verib.
Nazir bildirib ki, layihə mövcud idarəetmə sistemindən imtinanı nəzərdə tutmur. Sənəddə hakimiyyət qollarının daha çox desentralizasiyasına və onların balanslaşdırılmasına yönələn dəyişikliklər təklif olunur.
Bundan əlavə, parlamentin Baş nazirin fəaliyyəti üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.
Layihədə həmçinin işlərin iki instansiya üzrə şikayət verilməsi prinsipi, məhkəmə işlərinin yazılı qaydada baxılması və Ali Məhkəmə Şurasının qərarlarından şikayət verilməsi mexanizminin təsbit edilməsi də təklif olunur.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olunmayacağı vurğulanıb.