2026-ci il üzrə qlobal demoqrafik proqnozlar dünyada əhali artımının coğrafiyasının sürətlə dəyişdiyini göstərir.
Modern.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesablamalarına əsasən, gələn il dünyada təxminən 133 milyon yeni doğulmuş körpə dünyaya gələcək və onların böyük əksəriyyəti kasıb və inkişaf etməkdə olan ölkələrdə doğulacaq.
BMT məlumatları əsasında hazırlanan analizə görə, yeni doğulan körpələrin 85 faizi yalnız iki qitədə - Asiya və Afrikada dünyaya gələcək. Statistikaya əsasən: Asiya qitəsində 64,9 milyon körpə (49%), Afrika qitəsində isə 47,6 milyon körpə (35,9%) doğulacaq. Beləliklə, dünyada demək olar ki, hər 10 körpədən 8-9-u bu iki qitədə dünyaya gözlərini açacaq.
BMT-nin təsnifatına görə, coğrafi baxımdan Avropaya daxil edilən Rusiya da daxil olmaqla bütün Avropa qitəsində doğuşların payı olduqca aşağı qalır. Proqnozlara görə, qlobal doğuşların 4,6%-i Avropa qitəsinin payına düşəcək. Yəni köhnə qitədə cəmi 6,1 milyon körpə gözünü açacaq.
Bu göstərici Avropada demoqrafik yaşlanma və doğum səviyyəsinin aşağı düşməsinin davam etdiyini göstərir. Amerika qitəsi isə doğum göstəricilərinə görə elə orta səviyyədə də qalır. Belə ki, Amerika qitəsində doğuşların ümumi payı 10 faiz təşkil edəcək. Beləliklə Şimali Amerikada 4 milyon körpə (3%), Latın Amerikası və Karib hövzəsində isə 9,3 milyon körpə (7%) dünyaya gözünü açacaq.
Mütəxəssislər hesab edir ki, bu statistika dünyanın demoqrafik mərkəzinin sürətlə Asiya və Afrikaya doğru dəyişdiyini bir daha təsdiqləyir. Əhali artımının əsas yükü məhz bu regionların üzərinə düşür və bu tendensiya gələcək onilliklərdə qlobal iqtisadi, sosial və siyasi balansı da dəyişdirə bilər.
BMT analitikləri qeyd edir ki, yüksək doğum səviyyəsi xüsusilə Afrikada davam edərsə, XXI əsrin ortalarında dünya əhalisinin artımının əsas lokomotivi məhz Afrika qitəsi olacaq.