İranpərəst silahlı qruplar Bağdadda yerləşən ABŞ səfirliyinin ətrafında çəkildiyi iddia olunan dron görüntülərini yayaraq regionda diqqət çəkən mesaj veriblər.
Modern.az xəbər verir ki, milis qruplarından biri "Telegram" üzərindən təxminən iki dəqiqəlik video paylaşaraq, ABŞ səfirliyinin yerləşdiyi yüksək təhlükəsizlikli ərazi üzərində aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatını nümayiş etdirib.
Videoda dronun Bağdaddakı səfirlik kompleksinin möhkəmləndirilmiş binaları arasından keçdiyi və hətta ərazidə yerləşən böyük ABŞ bayrağının yaxınlığından uçduğu görünür. Görüntülərdə kompleksə hər hansı zərərin dəymədiyi müşahidə olunur.
CNN-in məlumatına görə, yayımlanan video 16 mart tarixi ilə əlaqələndirilsə də, görüntünün məhz nə vaxt çəkildiyi hələlik dəqiq təsdiqlənməyib.