İranın yeni Ali Lideri Müctəba Xameneinin Tehrana raket hücumundan necə xilas olduğu barədə yeni detallar açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph”ın məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, Müctəba Xamenei atası Əli Xameneinin olduğu məkanı İsrailin hava hücumdan bir neçə dəqiqə əvvəl tərk etdiyi üçün sağ qalıb.
Bu barədə İran Prezidenti Aparatının protokol rəhbəri Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli komandirlərinə açıqlamasında qeyd edilib. Detallar həmin açıqlamanın səs yazısının sızması nəticəsində məlum olub.
Müctəba, həyat yoldaşı və oğlu ilə birlikdə atasının olduğu eyni yaşayış kompleksində imiş.
M.Hüseyninin sözlərinə görə, 28 fevral səhəri hücumdan bir müddət əvvəl Müctəba həyətə çıxıb və partlayış baş verən zaman çöldə olub. "O, nəsə etmək üçün həyətə çıxıb... Raket binaya dəyəndə çöldən binaya qayıdıb yuxarı mərtəbəyə qalxmaq stəyirmiş", - protokol rəhbəri bildirib.
Hüseyninin sözlərinə görə, partlayış nəticəsində Müctəba "yüngül ayaq zədəsi" alıb və hücum koordinasiyalı şəkildə həyata keçirilib: zərbələr eyni vaxtda ofis kompleksindəki bir neçə yerə dəyib və çox güman ki, bütün Xamenei ailəsini öldürmək məqsədi daşıyıb.
“The Telegraph”ın yazısında qeyd edilib ki, səs yazısı yeni liderin xəsarətlərinin ciddiliyi və ölkəyə rəhbərlik etmək qabiliyyəti ilə bağlı suallar fonunda sızdırılıb. Xamenei müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb və iki həftə ərzində ilk açıqlamasını yazılı şəkildə verib.
ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, Müctəba partlayışda "yaralanıb və çox güman ki, eybəcər hala düşüb".
İranın xarici işlər naziri Abbas Əraqçi cavab olaraq bildirib ki, yeni Ali Lider sağlamdır və vəziyyətə tam nəzarət edir.
ABŞ onun haqqında həqiq məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edib.
Xatırladaq ki, 28 fevral tarixində baş tutan hücum nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei həlak olub. Onunla yanaşı, gəlini - Müctəba Xamenei həyat yoldaşı, nəvəsi, qızı və kürəkəni də ölüblər.