Körfəz ölkələrinin bir neçəsi - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) başçılığı ilə ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırır.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ, İsrail və Körfəz ölkələrindən olan adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri qapalı danışıqlarda bildiriblər ki, ABŞ-İsrail hərbi əməliyyatlarının İran rəhbərliyində radikal dəyişiklik baş verənədək və ya siyasi kursda ciddi dönüş yarananadək davam etdirilməsini istəyirlər.
Agentlik qeyd edir ki, Körfəz ölkələrinin münaqişəyə münasibəti fərqlidir: Səudiyyə Ərəbistanı və BƏƏ daha sərt və hərbi yönümlü mövqe tutur, Oman və Qətər isə diplomatik həllə üstünlük verir.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr İranın ən iri şəhərlərinə, o cümlədən paytaxt Tehrana endirilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb və İsrail ərazisinə zərbələr endirib.
Bununla yanaşı, ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücumlara məruz qalıb.
İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İrana qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Münaqişə dövründə Tehran icazəsi olmadan boğazdan keçməyə çalışan bir neçə tanker hücuma məruz qalıb.
Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran dost ölkələr - Rusiya, Hindistan, İraq, Çin və Pakistan üçün Hörmüz boğazından keçidə icazə verib.