Rusiyanın məşhur musiqiçisi Stas Naminin ailəsində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məhkəmə qərarı açıqlanıb.
Modern.az xəbər verir ki, məhkəmə onun ögey oğlu Roman Mikoyanı qardaşı və nənəsini qətlə yetirməkdə təqsirli bilərək 18 il müddətinə həbs cəzasına məhkum edib. Prokurorluq isə onun üçün 20 il həbs cəzası tələb etmişdi.
İstintaq materiallarına əsasən, hadisə 2023-cü ilin oktyabr ayında Moskva vilayətində yerləşən fərdi yaşayış evində baş verib. Bildirilir ki, Roman Mikoyan ilə nənəsi arasında mülk üstündə yaranan mübahisə faciə ilə nəticələnib- o, nənəsini bıçaqlayaraq qətlə yetirib.
Daha sonra o, qardaşına zəng edərək evə çağırıb. Lakin qardaşı gəldikdən sonra aralarında yaranan mübahisə ikinci qətli doğurub, Mikoyan qardaşını da bıçaqlayaraq öldürüb.
Məlumata görə, təqsirləndirilən şəxs istintaq zamanı cinayət yerini göstərib, törətdiyi əməlləri etiraf edərək hadisənin bütün detallarını təsvir edib.
Qeyd edək ki, Stas Namin tanınmış SSRİ dövlət xadimi, 1964-1965-ci illərdə SSRİ Ali Sovetinin sədri olmuş Anastas Mikoyanın nəvəsidir. 1951-ci ildə Moskvada anadan olan Stas Namin Rusiyada tanınmış musiqi prodüseri, “Tsvetı” qrupunun rəhbəri və vokalisti, rəssam və fotoqraf kimi fəaliyyət göstərib. O, 13 il öncə oğlu Artyomm Mikoyanla birgə keçmiş "Dağlıq Qarabağ"a səfər etmişdi.