İranla Amerika-İsrail arasında əldə olunmuş iki həftəlik atəşkəsin vacib məqamlarından biri də Hörmüz boğazındakı vəziyyətlə bağlıdır.
Modern.az xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçinin bildirdiyinə görə, iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya yolu ilə və texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq.
İranın dövlətə məxsus IRIB teleşirkətinin məlumatında bildirilib ki, əgər tariflər tətbiq olunarsa, İran Hörmüz boğazından keçən gəmiçilikdən ildə 64 milyard dollar qazana bilər.
"Məsələn, keçən il boğazdan 32.000 gəminin keçdiyini və hər gəmidən 2 milyon dollar alındığına baxılsa, gəlir təxminən 64 milyard dollar ola bilər".
İranın Hörmüz boğazı üzərində nəzarəti Tehranın ABŞ ilə sülh danışıqlarının əsasını təşkil edən 10 maddəlik planında göstərilib.
“Associated Press“in yaydığı məlumatda bildirlib ki, atəşkəs haqda razılaşmaya görə, İran və Oman Hörmüz boğazından keçən gəmilərdən ödəniş almaq hüququ əldə edib.
Məlumata görə, ödəniş iki həftəlik atəşkəs dövründə alınacaq.
Agentliyin məlumatına görə, İranın topladığı vəsait ölkənin zərbələr nəticəsində dağıdılmış infrastrukturunun bərpasına yönəldiləcək.