Macarıstanda keçirilən seçkilər hələ başa çatmadan ölkənin demokratik tarixində xüsusi yer tutmağı bacarıb.
Bunu Modern.az-a açıqlamasında "Daily News Hungary" nəşrinin həmtəsisçisi və baş redaktoru
Alpar Kato bildirib. Onun sözlərinə görə, artıq saat 17:00-a olan göstəricilərə əsasən seçici fəallığı 74 faizi keçib və bu, 2022-ci ilin nəticələrini xeyli geridə qoyur:
“Bu səviyyədə vətəndaş səfərbərliyi 1989-cu ildən bəri müşahidə olunmur. Xüsusilə şəhərlərdə və iri yaşayış məntəqələrində seçici aktivliyinin ciddi artması diqqət çəkir. Seçkiöncəsi sorğular cəmiyyətdə ciddi fikir ayrılığını göstərir. Müstəqil sorğu mərkəzləri Tisza Partiyasını öndə göstərdiyi halda, hökumətə yaxın qurumlar Fidesz-in üstün olduğunu bildirir. Hər iki tərəfin özünü qalib elan etməsi tərəddüd edən seçicilərə təsir etmək məqsədi daşıyır”. Ekspertin fikrincə, tərəflərin seçki kampaniyaları da tam fərqli istiqamətlərdə aparılıb:
“Viktor Orban kampaniyasını əsasən xarici siyasət üzərində quraraq müharibə risklərini qabardıb, Ukrayna və Brüsseli tənqid edib. Péter Maqar isə diqqəti daxili problemlərə – səhiyyə sisteminin vəziyyəti, mənzil böhranı, iqtisadi geriləmə və korrupsiya məsələlərinə yönəldib. Bu da seçicilərə iki fərqli gələcək modeli təqdim edir”.
Alper Kato əlavə edib ki, seçkilərin nəticəsi ölkənin xarici siyasət kursuna birbaşa təsir edəcək:
“Əgər Orban hakimiyyətdə qalarsa, Moskva ilə münasibətlər davam edəcək, Avropa İttifaqı ilə gərginlik qalacaq. Orbanın qalib gəlməməsi isə kəskin dönüş demək olardı: Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması, bloklanmış Aİ vəsaitlərinin açılması və Polşa ilə münasibətlərin bərpası kimi addımlar atıla bilər”. Siyasi şərhçi hesab edir ki, yüksək seçici fəallığı özü-özlüyündə siyasi mesajdır:
“Tarixən şəhərlərdə aktivliyin artması müxalifətin xeyrinə işləyir. Amma yekun nəticəni 106 birmandatlı dairə müəyyən edəcək. İlkin nəticələr bu axşam saat 20:00 radələrində açıqlanacaq, yekun nəticələr isə xaricdə verilən səslər sayıldıqdan sonra təsdiqlənəcək. Əgər fərq böyük olarsa, ilkin nəticələr ümumi mənzərəni göstərəcək. Amma başabaş mübarizə olarsa, hər bir səs həlledici olacaq”.