Lənkəranda 46 yaşlı kişi arvadını qısqanclıq zəminində qətlə yetirib.
Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mart ayında, axşam saat 21 radələrində baş verib.
İstintaq materiallarına görə, 1979-cu il təvəllüdlü İ.Tahirov arvadı G. Tahirovanın (adlar şərtidir - red.) iş yoldaşı ilə yaxın münasibətdə olduğundan şübhələnib. Qısqanclıq zəminində aralarında dəfələrlə mübahisə yaranıb.
Hadisə günü İ. Tahirov arvadının həmin şəxslə telefonla danışdığını eşidib və bundan sonra qisas almaq qərarına gəlib. O, evin mətbəxindən mətbəx bıçağını götürərək uşaq otağında oturan arvadına yaxınlaşıb. Əvvəlcə qadına sillə vurub, sonra üzərindəki bıçağı çıxararaq arvadına beş bıçaq zərbəsi endirib.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən İ. Tahirov hadisədən dərhal sonra əlində bıçaqla polis şöbəsinə gələrək könüllü şəkildə təslim olub və hadisəni etiraf edib.
Məhkəmədə təqsirləndirilən şəxs günahını etiraf edib və törətdiyi əməlindən peşman olduğunu bildirib.
Psixiatrik ekspertiza İman Tahirovun şəxsiyyətin paranoid tip pozuntusundan əziyyət çəkdiyini, lakin hadisə zamanı anlaqlı vəziyyətdə olduğunu müəyyən edib.
İ. Tahirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinib və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elnur Əmirov