TƏBİB tanınmış qiraətçi, Əməkdar müəllim Nadir Hüseynovun ölümünə aydınlıq gətirib.
Modern.az xəbər verir ki, TƏBİB-in yaydığı məlumata görə, 14.12.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb. Onun ürəktutmasından dünyasını dəyişdiyi məlum olub.
Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Qeyd edək ki, Nadir Hüseynov avtomobil idarə edərkən sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Əməkdar müəllim N.Hüseynov 1952-ci ildə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.
Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.