Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən appelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deportasiya qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sabail rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılmalıdırlar.
Xatırladaq ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. (APA)