Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.
Modern.az hadisəylə əlaqədar olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, 22.02.2026-cı il tarixində saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Məlumata görə, hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.