Modern.az

“Qarabağ”ın itirəcəyi heç nə YOXDUR

“Qarabağ”ın itirəcəyi heç nə YOXDUR

İdman

24 Fevral 2026, 13:30

Bu gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” İngiltərədə yerli “Nyukasl” qarşı çətin oyuna çıxacaq.

Təəssüf ki, ilk matçda evdə qeydə alınan 1:6 hesablı məğlubiyyət “Qarabağ” üçün reallığı dəyişib. Altı topluq fərqi aradan qaldırmaq, xüsusilə də İngiltərə Premyer Liqasının iddialı təmsilçisinə qarşı bunu etmək son dərəcə çətindir, ümumiyyətlə, mümkün deyil. “Nyukasl”ın sürətli cinahları, fiziki gücü və geniş heyət seçimi var. Belə komandaya qarşı açıq futbol oynamaq çox çətindir. Biz buna Bakıdakı oyunda da şahid olduq.

Amma məsələ ondadır ki, bu mərhələyə qədər gəlmək özü də böyük uğurdur. “Qarabağ” artıq illərdir ki, Avrokuboklarda ölkəmizi layiqincə təmsil edir, qrup mərhələlərində, “pley-off”larda mübarizə aparır.

“Qarabağ” Azərbaycan futbolunun Avropadakı simasına çevrilib.

Bugünkü oyunla bağlı reallıq budur: 6:0 hesabı ilə qələbə fantastikadır. Yəni, azərbaycanlı azarkeşlər həqiqətlə barışaraq, “Qarabağ”dan bu hesablı qələbə tələb edə bilməzlər..

Buna görə də əsas hədəf emosional, düşünülməmiş hücumlar yox, intizamlı və etibarlı oyun olmalıdır.

“Qarabağ” üçün hədəf bu ola bilər: mümkün qədər etibarlı oynamaq, turnirdən nüfuzunu qoruyaraq ayrılmaq. Bunun üçün isə müdafiədə diqqətli olmaq, orta sahədə kompakt oyun göstərmək, əks-hücumlarda ağıllı qərarlar vermək, hesabdakı minimallığı qorumaq vacibdir.

Belə bir oyun həm komandanın özünəinamını qoruyar, həm də azarkeşlərə layiqli vida hədiyyəsi olar.

Avropada hər oyun ölkə reytinqi, klubun imici və gələcək püşkatmalar üçün önəmlidir. Böyükhesablı məğlubiyyətdən sonra toparlanıb meydanda xarakter göstərmək isə ən azı qələbə qədər dəyərlidir.

Unutmayaq ki, “Qarabağ” bu yerə təsadüfən gəlməyib. Komanda illərlə sistemli şəkildə qurulub, Avrokubok təcrübəsi toplayıb və çətin səfərlərdə belə cəsarətli futbol oynayıb.

Bunu da etiraf edək ki, bəzən məğlubiyyət də inkişafın bir hissəsidir.

Şübhəsiz ki, bu gün “Nyukasl” – “Qarabağ” oyunundan sensasiya, möcüzə olmayacaq, amma ümumilikdə hamı komandanın mübarizə ruhunu görmək istəyir. Futbolçularımız son dəqiqəyə qədər mübarizə aparmaqla nəticədən asılı olmayaraq alqış qazanmalıdırlar.

“Qarabağ” meydanı başıuca tərk etməlidir... Buna inanmaq üçün kifayət qədər əsas var.

Çünki böyük komanda təkcə qalib gələndə yox, çətin gündə də xarakter göstərərək böyük olur. Bu axşam meydanda məhz bunu görmək istəyirik.

Azərbaycan futbolu adına böyük bir tarix yazan “Qarabağ” üçün itiriləcək heç nə yoxdur...

Uğurlar, "Qarabağ"!

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?