Gələcəkdə fiziki sağlamlıqla bağlı xəstəliklərin artmasının əsas səbəblərindən biri artıq çəki və piylənmədir. Bu, artıq sübut olunmuş faktdır. Arzu edərdik ki, ölkəmizdə hörmətli iş adamları şadlıq saraylarının sayını azaldıb daha çox idman mərkəzlərinin saylarını artırsınlar. Nə qədər çox idman infrastrukturu qurulsa, bir o qədər azdır və bu, cəmiyyətdə sağlam həyat tərzini də stimullaşdırar.
Modern.az xəbər verir ki, bunu Gənclər və idman komitəsinin Gənclər və idman nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə görüş zamanı deputat Vüqar İskəndərov deyib.
Deputat vurğulayıb ki, regionlardan Olimpiya proqramları qurulmalıdır:
“Gələcəkdə bölgələrdə istedadların erkən aşkarlanması üçün sistemli mexanizm formalaşdırılmalıdır. Xüsusilə komanda idman növlərində və ağır çəkilərdə daha geniş seçim bazasına ehtiyac var. Halbuki ölkəmizin, hətta ən uzaq kəndlərin belə böyük potensialı mövcuddur. Bunun üçün dövlət, federasiyalar, məktəblər və ailələr arasında əməkdaşlıq qurulmalıdır. Gənclər və İdman idarələri regionlarda fəaliyyət göstərir, lakin biz təkcə rayon mərkəzləri ilə kifayətlənməməli, mütləq kəndlərə qədər enməliyik. Təcrübə göstərir ki, rayonlar müəyyən qədər əhatə olunur, amma kəndlərdə iş zəifdir və buna xüsusi diqqət ayrılmalıdır” .
O bildirib ki, hər şəhər və rayonda mütəmadi seçim günləri təşkil olunmalıdır:
“Bu seçimlər hətta bayram formatında keçirilə bilər. Fiziki tərbiyə müəllimləri, xüsusi təlim keçmiş mütəxəssislər və nazirliyin nümayəndələri bu prosesə cəlb oluna bilər. Məktəblərdə erkən fiziki test sisteminin qurulması da vacibdir. Bu, həm uşaqların sağlamlıq göstəricilərinin izlənməsi, həm də istedadlı uşaqların vaxtında müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.
Vüqar İskəndərov idman sahəsində fərqlənən uşaqlara təqaüdün verilməsinin önəmindən də danışıb:
“Perspektivli uşaqlar üçün xüsusi təqaüd fondunun yaradılması onların stimullaşdırılması və idmana davamlı cəlb olunması üçün mühüm addım olar. Prezident son müşavirələrdə vurğuladığı kimi, rəqəmsal transformasiya artıq zamanın tələbidir. İdman sahəsində də vahid rəqəmsal platforma yaradılmalıdır. Bu platforma bütün federasiyaların vahid onlayn sistemini birləşdirə bilər” – deputat sonda qeyd edib.