“Əgər güclü və peşəkar məşqçi yoxdursa, heç bir idman növünün inkişafından danışmaq mümkün deyil. Məşqçilər əsasən İdman Akademiyasında hazırlanır. Açıq danışmaq lazımdır ki, müxtəlif səbəblərdən Akademiyanın hazırkı şəraitdə yüksək səviyyəli məşqçi yetişdirmək imkanları məhduddur. Bu problemlərdən biri də sistemdə formalaşmış yanaşma ilə bağlıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşü zamanı Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu deyib.
O qeyd edib ki, hazırda həm valideynlərin, həm də məşqçilərin əsas məqsədi uşağın hər hansı formada Avropa çempionatında medal qazanmasıdır.
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, belə nəticə göstərən idmançı birbaşa İdman Akademiyasına qəbul olur. Burada əsas motivasiya təhsil almaq deyil, 4 il müddətinə hərbi xidmətdən azad olunmaqdır. Akademiyanı bitirdikdən sonra isə 1 illik hərbi xidmət nəzərdə tutulur”.
O qeyd edib ki, həmin 4 il ərzində tələbələrin əksəriyyəti faktiki olaraq tam şəkildə təhsil ala bilmir.
“Məşq prosesi o qədər intensiv və ağırdır ki, paralel şəkildə həm keyfiyyətli ali təhsil almaq, həm də peşəkar idmançı kimi yetişmək praktiki baxımdan çox çətindir”.
“Bu baxımdan, həmin idmançılar üçün hərbi xidmətdə möhlət mexanizminin tətbiqi və ya onların başqa formada stimullaşdırılması daha məqsədəuyğun ola bilər. “İdman haqqında” qanun layihəsində də bu istiqamətdə müəyyən təkliflərimizi təqdim etmişik” – R.Rəsullu sonda bildirib.