Modern.az

Əhali bank sisteminə güvənmir - İqtisadçı

Əhali bank sisteminə güvənmir - İqtisadçı

İqtisadiyyat

13 Dekabr 2025, 12:58

Mərkəzi Bankın sədri Taleh Kazımovun “əhali 10 milyard dollar pulunu "yastıq altında" saxlayır” deməsi geniş müzakirələrə səbəb olub. Müzakirələrdə onun fikirləri tənqid olunub.

Taleh Kazımov onu da bildirib ki, bu vəsait real iqtisadiyyata cəlb olunmadığı üçün “ölü kapital” hesab edilir və ölkənin maliyyə dövriyyəsinə ciddi təsir göstərir. Mərkəzi Bankın sədri əhalini vəsaitləri evdə saxlamaq əvəzinə banklara, bazara və ya investisiya vasitələrinə yönəltməyə çağırıb.

Modern.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sədri Taleh Kazımovun fikirlərinə reaksiya verib.

O, qeyd edib ki, Mərkəzi Bankın rəhbəri normal, beynəlxalq iqtisadi terminalogiyaya uyğun açıqlama verib:

"Lakin bu fikirləri anlayanlar məğzinə uyğun, anlamayanlar isə içiboş açıqlamalar veriblər. Yəni Mərkəzi Bankın rəhbəri, əslində, sistemin mahiyyətini ciddi tənqid edən açıqlama verib, mahiyyətinə uyğun suallar ünvanlamaqdansa, boş-boş danışırlar ki, hakimiyyət gəlib yasdığınızın altından pulları alacaq. 
“Yasdıqaltı pullar” termini iqtisadiyyatada geniş yayılmış, bir çox məsələləri izah etmək üçün istifadə edilən deyimdir".


Ekspert qeyd edib ki, Mərkəzi Bankın rəhbəri bu açıqlaması ilə əslində, 3 önəmli məsələnin üstünü açır: 

"Bu məsələlər aşağıdakılardır:

1) Vətəndaş, əhali bank sisteminə hələ də güvənmir, vəsaitini evində saxlamağa üstünlük verir - Mərkəzi Bank izah etsin, cavab versin ki, niyə əhali hələ də bank sisteminə güvənmir...

2) Ölkədə o qədər primitiv, bəsit iqtisadi sistem var ki, vətəndaş yatırım etməyə alət tapmır, yəni, qiymətli kağızlar bazarı, gəlir alətləri yox kimidir –  hökumət cavab versin ki, niyə bu qədər primitiv sistem qurub...

3) Məmləkətdə investisiya mühiti o qədər bərbaddır ki, əlində, yastığının altında pulu olan vətəndaş obyekt açmaq, iş qurmaq, yatırım etmək istəmir, dövlət orqanlarından qorxur, düşünür ki, biznes qursa və ya, belə bir cəhd etsə, o vəsaiti itirə bilər – hakimiyyət cavab versin ki, əhali niyə biznes qurmaq üçün başqa ölkələrə gedir, amma öz ölkəsində biznes qurmağa qorxur...

Yəni Mərkəzi Bankın rəhbəri ciddi diskurs açmağa, indiki şəraitdə nə qədər mümkündürsə, bir o qədər açıq danışmağa çalışır. İctimai fikirə təsir imkanı olanların bir qismi bundan istifadə edib hökumətin bütün iqtisadi siyasətini kəskin tənqid edən müzakirə açmaq əvəzinə, səviyyəsiz “hype” yaratmağa çalışırlar..."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?