2026-cı ildən balıq istehsalına vergi güzəştləri tətbiq olunacaq. Bura yalnız emal olunmadan hazır məhsulların satışı daxildir. Kürü istehsalı üçün hər hansı güzəşt müəyyən edilməyib.
Dəyişikliklə bağlı Modern.az-a Milli Məclisin üzvü Azər Badamov açıqlama verib.
Deputat qeyd edib ki, balıq və kürü istehsalı fərqli fəaliyyət formalarıdır. Vergi Məcəlləsində təklif olunan dəyişikliklərə əsasən, balıq istehsalının (artırılaraq birbaşa satışı) vergidən azad olunması nəzərdə tutulur:
"Səbəb balıqçılığın da kənd təsərrüfatının tərkib hissəsi olmasıdır. Kürü hasilatı isə sənayə-istehsal formasıdır. Həmçinin balığın konservləşdirilməsi sənaye prosesi olduğuna görə bu halda güzəşt nəzərdə tutulmayıb.
Bunun üçün emal sənayesi güzəştlər siyahısına əlavə olunmalıdır.
Əslində, balıqçılığın sənaye mərhələsinə keçməsi sahibkara daha çox gəlir gətirir. Bu, balıqçılıqdan fərqli, ayrıca bir sahə hesab olunur.
Əgər gələcəkdə emal sənayesində güzəştlər tətbiq olunarsa, bu zaman kürü istehsalına və balıq konservlərinin hazırlanmasına da həmin güzəştlərin şamil edilməsi mümkün ola bilər.
Bu güzəştlərin daxili bazara təsirinə gəldikdə isə, düşünürəm ki, balıqçılığın stimullaşdırılması istehsalın artmasına səbəb olacaq. İstehsal artdıqca bazarda təklif çoxalacaq və bu da qiymətlərin nisbətən ucuzlaşmasına gətirib çıxara bilər.
Güzəştlərin əsas məqsədi də məhz balıqçılığın inkişaf etdirilməsi və istehsalın stimullaşdırılmasıdır. Hazırda hesab etmirəm ki, Azərbaycanın balıq ixracı üçün ciddi potensialı var. Çünki daxili tələbatımızı hələ tam şəkildə ödəyə bilmirik və bu səbəbdən idxaldan asılıyıq.
Gələcəkdə sahə inkişaf edərsə, əvvəlcə daxili bazar təmin oluna, daha sonra isə ixrac imkanları yarana bilər. Vergi güzəştlərinin emal sənayesinə nə vaxt şamil ediləcəyi ilə bağlı konkret fikir demək çətindir.
Ola bilsin ki, gələcək mərhələlərdə bu məsələ də nəzərə alınsın. Bu gün emal sənayesinin inkişafına da böyük ehtiyac var. Çünki emal sənayesi inkişaf etdirilmədən aqrar sektorda böyük uğur qazanmaq çətindir.
Emal sənayesinin inkişafı kənd təsərrüfatı məhsullarının itkisiz tədarükünə, əlavə dəyərin yaradılmasına, çox çeşidli məhsulların istehsalına, ərzaq təhlükəsilziyinin təmin olunmasına , ixrac potensialının artmasına və əlavə iş yerlərin yaranmasına yol açır.
Emal sənayesinin inkişafı üçün müəyyən mərhələdə həm stimullaşdırma, həm də kredit və digər dövlət dəstəyi mexanizmləri tətbiq olunmalıdır. Ümumiyyətlə, qeyri-neft sektorun hər hansı bir sahəsinin inkişaf etdirilməsi prioritedirsə, o sahəyə dövlət dəstəyi mütləqdir. Bu baxımdan dövlət dəstəyi olmadan həmin sahənin davamlı inkişafı mümkün deyil.