Modern.az

Büdcə xərcləmələrində YENİ DÖVR: İş görməyən quruma pul ayrılmayacaq

Büdcə xərcləmələrində YENİ DÖVR: İş görməyən quruma pul ayrılmayacaq

İqtisadiyyat

25 Dekabr 2025, 17:24

Azərbaycanda dövlət büdcəsi ilə bağlı yanaşmanın dəyişməsinə ehtiyac yaranıb. Belə ki, bir çox ekspert sifariş əsaslı büdcə modelindən nəticə əsaslı büdcə modelinə keçid etməyi təklif edir. 

Məsələni texniki terminlərdən uzaqlaşdırıb sadə dillə desək, dövlətin pulu necə xərclədiyinə dair yanaşmanın köklü şəkildə yenilənməsi artıq labüd hesab edilir. Sifariş əsaslı büdcə modelində əsas prinsip ondan ibarətdir ki, dövlət qurumları hər il büdcədən nə qədər vəsaitə ehtiyacı olduğunu bildirir, hökumət də bu sifarişlər əsasında maliyyə ayırır. Nazirliklər və digər dövlət qurumları Maliyyə Nazirliyinə büdcə sifarişi təqdim edir, bu sifarişlər isə əsasən əvvəlki illərin xərclərinə, əməkhaqlarına, inzibati və cari ehtiyaclara əsaslanır. Başqa sözlə, Nazirlik və ya digər dövlət orqanı bildirir ki, gələn il qurumun saxlanılması, görəcəyi işlər və digər xərclər üçün filan qədər vəsait lazımdır. Maliyyə Nazirliyi isə sifarişi yoxlayır, düzəlişə ehtiyac varsa, edilir və sifarişi büdcə layihəsinə daxil edir.

Bu sistemdə diqqət daha çox xərcləmə prosesinə yönəlib. Pul ayrılır, fəaliyyətlər həyata keçirilir, lakin həmin vəsaitin cəmiyyət üçün hansı real nəticə yaratdığı, hansı problemləri həll etdiyi ciddi şəkildə qiymətləndirilmir. Əksər hallarda qurumlar əvvəlki il aldıqları məbləğə yaxın vəsaiti növbəti il də əldə edir. Sifariş əsaslı büdcə modeli dövlət xərclərinin davamlılığını təmin etsə də, səmərəlilik və nəticə məsələləri arxa planda qalır. Uğurlu və uğursuz proqramlar arasında fərq məlum olmur, büdcə vəsaitlərinin real təsiri tam ölçülmür. Hansı Nazirliyin uğurlu çalışdığı, hansının uğursuz olduğu bilinmir. 

Məhz bu səbəbdən hazırda sifariş əsaslı büdcədən nəticə əsaslı büdcəyə keçid gündəmdədir. Məqsəd artıq təkcə pul ayırmaq deyil, ayrılan vəsaitin cəmiyyət üçün hansı real dəyişikliklər yaratdığını ön plana çəkməkdir. Bu modeldə əsas sual “neçə manat xərcləndi?” yox, “bu vəsait hesabına nə dəyişdi?” olur. 

Dövlət qurumları büdcədən pul istəyərkən artıq konkret nəticələr vəd etməlidir. Məsələn, səhiyyə sahəsində məqsəd təkcə xəstəxanalara vəsait ayırmaq deyil, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşması, xidmətin əlçatanlığının artması kimi ölçüləbilən nəticələrdir. Təhsil sahəsində isə əsas hədəf məktəblərin saxlanması yox, şagirdlərin bilik səviyyəsinin yüksəlməsidir. Bu yanaşma dövlət xərclərinə daha səmərəli baxışı təşviq edir. Büdcə vəsaiti artıq sadəcə xərclənmir, həm də nəticə yaratmalıdır. Əgər ayrılan pullar gözlənilən effekti vermirsə, həmin proqramların maliyyələşdirilməsi gələcəkdə azaldıla və ya tamamilə dayandırılabilər. Beləliklə, büdcə real problemlərin həllinə yönəlmiş bir alətə çevrilir.

Modern.az-ın məlumatına görə, artıq bir neçə kiçik qurumda bu modelin yoxlanılmasına başlanılıb və tezliklə digər qurumlarda, xüsusilə mərkəzi icra hakimiyyəti orqanlarında (Nazirlik, dövlət komitələri,agentliklər və sair) da tətbiq ediləcək.

Bu qərar həm də şəffaflığın və hesabatlılığın artmasına hesablanıb. Cəmiyyət və media büdcə pullarının hara xərcləndiyini yox, bu xərclərin nə verdiyini görmək imkanı əldə etməlidir. Dövlət qurumları isə fəaliyyətlərinin nəticələrinə görə cavabdeh olacaqlar. Vəd etdiyi nəticələri əldə etməyən qurumların maliyyəsi azala və ya digər formada xərcləri aşağı salına bilər.

Eyni zamanda, mütəxəssislər bildirir ki, bu modelin uğuru onun necə tətbiq olunacağından asılıdır. Nəticələri düzgün ölçmək, real göstəricilər müəyyənləşdirmək və formal hesabatçılıqdan qaçmaq əsas şərtlərdir. Əks halda, nəticə əsaslı büdcə kağız üzərində qalaraq əvvəlkisistemdən ciddi fərqlənməyə bilər. 

Dünyanın bir çox ölkəsi artıq illərdir ki, sifariş əsaslı büdcədən nəticə əsaslı büdcəyə keçid edib və bunu dövlət idarəçiliyinin əsas alətlərindən birinə çevirib. Bu təcrübə xüsusilə inkişaf etmiş və institusional idarəetməsi güclü olan ölkələrdə geniş yayılıb. ABŞ bu sahədə ən tanınmış nümunələrdən biridir. Federal büdcə hazırlanarkən dövlət proqramları üzrə konkret məqsədlər və göstəricilər müəyyən olunur. Məsələn, təhsil və ya səhiyyə proqramına ayrılan vəsait həmin sahədə nail olunan real nəticələrlə qiymətləndirilir. Böyük Britaniyada dövlət xərcləri “value for money”, yəni “xərclənən pula dəyər” prinsipi ilə qiymətləndirilir. Nazirliklər büdcə vəsaiti alarkən yalnız fəaliyyət planı yox, bu fəaliyyətlərin cəmiyyətə hansı faydanı verəcəyini sübut etməlidir.

Milli Audit Ofisi isə ayrılan vəsaitlərin nəticəsini müstəqil şəkildə yoxlayır. İsveç, Norveç və Finlandiya nəticə əsaslı büdcənin ən uğurlu tətbiq etdiyi ölkələr sayılır. Bu ölkələrdə büdcə proqramları sosial rifah, təhsil keyfiyyəti, ətraf mühitin qorunması kimi konkret göstəricilərlə ölçülür. Dövlət qurumları üçün əsas məsələ xərcləmək yox, cəmiyyətin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

Türkiyə də son illər nəticə əsaslı büdcəyə keçidi mərhələli şəkildə həyata keçirir. Strateji planlaşdırma və performans göstəriciləri büdcə prosesinin əsas hissəsinə çevrilib. Dövlət qurumları artıq xərclərini hədəflərlə əlaqələndirməyə məcburdur. Bu beynəlxalq təcrübə göstərir ki, nəticə əsaslı büdcə idarəetmə mədəniyyətidir. Uğurun əsas şərti isə real, ölçülə bilən göstəricilər, güclü statistika və ictimai nəzarətdir. Məhz bu amillər olduqda büdcə vəsaitləri kağız üzərində deyil, real həyatda nəticə yaradır.

Ümumilikdə, bu keçid dövlətin “pul ayırdıq” yanaşmasından “problemi həll etdik” yanaşmasına doğruatdığı addım kimi qiymətləndirilir. Məqsəd büdcəni sadəcə rəqəmlər toplusu yox, cəmiyyətin gündəlik problemlərinə real təsir göstərən mexanizmə çevirməkdir.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır