Modern.az

Dividend verə biməyən qurum ləğv edilsin! - İqtisadçı

Dividend verə biməyən qurum ləğv edilsin! - İqtisadçı

İqtisadiyyat

30 Dekabr 2025, 12:50

Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət müəssisələrinin xalis gəlirindən büdcəyə 30% verilməsi tələbi qüvvəyə minir. Müəssisələrin xərc və gəlirlərinə, o cümlədən smetaya nəzarət Maliyyə Nazirliyinə həvalə edilib. Gələn ildən dövlət müəssisələri Beynalxalq Maliyyə Hesabatı Standartlarına uyğun şəkildə açıqlama verəcəklər. Həmçinin əvvəlki illərin hesabatı təqdim olunmalıdır.

Qeyd edək ki, Fərman "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar"ın təsdiq edilməsi ilə bağlı imzalanıb.

Qaydaların təsdiqi ilə əlaqədar müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

İqtisadçı Emin Qəribli dəyişikliklə bağlı Modern.az-a danışıb.

O qeyd edib ki, dövlət müəssisələrinin bir çoxu dotasiya alır:

“Adından görürük ki, müəssisə dövlətə məxsusdur. Deməli, dövlətə də xeyir verməlidir. Xalis gəlirin 30%-nin büdcəyə daşınması məqbul haldır.

Digər tərəfdən, dövlət müəssisələrinin sayı artmaqdadır. Sahibkarlıqdan gələn vergi gəlirləri bu təşkilatlara yatırılır. Onların da öz növbəsində optimallaşdırılması aparılmalıdır.

Bu günə qədər dövlət müəssisələrinin hamısının hesabatını görməmişik. Vaxtlı-vaxtında mediaya və ictimaiyyətə maliyyə dövriyyəsi açıqlanmalıdır. Bizdə isə müəssisə külli miqdarda zərər etdikdən sonra cəmiyyətə məlumat verilir.

Eyni zamanda qurumların tədris mərkəzlərinin və s. yaradılması strukturu mürəkkəbləşdirir. Buna ehtiyac yoxdur. Qazancı olmayan müəssisə gəlirin 30%-ni necə verəcək? Onların özəl sektora verilməsi daha məqsədəuyğun olardı. Yəni müəssisə varsa, dövlətdən maliyyə ayrılırsa, 30% tələbini o da ödəməlidir və ya reforma olunmalıdır.

Müəssisə rəhbərlərinə təyin olunan əmək haqları da tənzimlənməlidir. Qurum yüksək gəlir əldə etmirsə, rəhbərinin yüksək maaş alması məntiqə uyğun deyil”.

İqtisadçı qeyd edib ki, fəaliyyətin tənzimlənməsi sonrakı qiymət artımını sıfra yaxınlaşdırır:

“Dövlətin sözügedən müəssisələrdən dividend tələbi məsuliyyəti artıracaq.

Vətəndaşın səhm alarkən risk altına düşməməsi üçün subyekt buna da zəmanət verməlidir. Çünki şəxslərin investisiya yatırması lazımdır.

Düşünürəm ki, Fərman makroiqtisadi mühitdə maliyyə canlanması yaradacaq. Obyekt funksiyasını yüksək səviyyədə icra edərsə, dövlətin payını verə biləcək, eyni zamanda, gəliri əlavə investor marağına səbəb olacaq.

Maliyyə Nazirliyinin monitorinq qrupu Müşahidə Şurasında yer alarsa, şəffaflığa təminat artacaq. Baxırsan ki, hesabat verilir, Şurada yalnız qurumun ali idarəedicisi - nazir oturub. Bu düzgün mexanizm deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ