Son illər Azərbaycanın avtomobil bazarında, xüsusilə Bakı küçələrində ən çox rast gəlinən elektrikli nəqliyyat vasitəsinə çevrilən BYD, artıq dünya miqyasında Tesla-nı geridə qoymağa hazırlaşır.
Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin son hesabatına görə, 2025-ci ili 4,6 milyonluq rekord satışla başa vuran Çin nəhəngi, dünyanın bir nömrəli elektrikli avtomobil istehsalçısı statusunu möhkəmləndirib.
Ölkəmizdə həm qənaətcilliyi, həm də müasir texnologiyası ilə sürücülərin rəğbətini qazanan bu marka, qlobal arenada qarşılaşdığı çətinliklərə baxmayaraq böyüməyə davam edir. Çində dövlət stimullarının azalması, eləcə də Geely və Xiaomi kimi rəqiblərin təzyiqi BYD-nin mənfəətini azaltsa da, şirkət xilas yolunu xarici bazarlarda tapıb. Xaricdəki satışları 1 milyonluq həddi keçən brendin 2026-cı ildə ümumən 5,3 milyon satış etməyi planlaşdırdığı bildirilir.
Azərbaycanda da rəsmi satış mərkəzlərinin və servis şəbəkəsinin genişlənməsi bu artım tempinin bir parçası kimi qiymətləndirilir. Xatırladaq ki, 2025-ci ilin statistikası açıqlanmasa da, 2024-cü ildə BYD avtomobillərinin ölkədə satışı 4 dəfə artıb.