Azərbaycanda növbəti iki ildə bərpa olunan enerjinin istehsalına 3 mlrd. dollara yaxın vəsait cəlb olunacaq.
Növbəti iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.
Məlumata görə, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalında payının artırılması nəzərdə tutulur.
2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7 faizə, 2030-cu ildə 38 faizə və 2035-ci ildə isə 42,5 faizə çatdırılacaq.
Ekoloq Rövşən Abbasov yaşıl enerji və hidrogen perspektivləri ilə bağlı Modern.az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycan yaşıl enerji və iqlim sahəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC), Kioto Protokoluna, Paris Sazişinə, eləcə də Covenant of Mayors for Climate and Energy (Merlər Razılaşması) təşəbbüsünə qoşulub və COP prosesləri çərçivəsində beynəlxalq iqlim və enerji təşəbbüslərində iştirak edir:
“Yaşıl enerjiyə keçid strategiyasının əsas məqsədi ölkənin ənənəvi karbohidrogen resurslarından yaşıl enerji mənbələrinə keçidini sürətləndirməkdir. Bu istiqamətdə böyük investisiyalar yatırılır və bir hissəsi xarici investorlar tərəfindən təmin olunur. Prezident də ölkədə günəş elektrik stansiyalarının yaradılmasının prioritetlərdən biri olduğunu vurğulayıb.
Azərbaycan eyni zamanda yaşıl hidrogen istehsalını da diqqət mərkəzində saxlayır. Yaşıl hidrogen, suyun parçalanması yolu ilə istehsal olunur və uzun müddət saxlanıla bilən enerji mənbəyidir. Bu, ölkənin enerji ehtiyatlarının qorunması və karbohidrogen resurslarının tükənməsinin qarşısını almaq baxımından strateji əhəmiyyət daşıyır.
2050-ci ilə qədər Azərbaycanın karbohidrogen ehtiyatları ciddi azala hətta tükənə bilər, buna görə də yaşıl hidrogenə keçid prioritetdir.
Bərpa olunan enerji layihələrinin həyata keçirilməsində infrastrukturun yaradılması vacib məsələlərdən biridir. Günəş panelləri və külək turbinləri üçün texnoloji imkanlar hələ tam formalaşmayıb və yerli infrastruktura sərmayə qoyulması zəruridir. Bununla yanaşı, layihələrin həyata keçirilməsi zamanı quş populyasiyalarının və miqrasiya yollarının qorunması da nəzərə alınmalıdır.
Azərbaycanın alternativ enerji istehsalının Avropa, Asiya və Şimali Afrika ölkələri ilə müqayisədə xüsusi potensialı var. Avropa ölkələri üçün Afrikadan enerji daşınması qat-qat baha olar. Azərbaycan isə bu idxal üçün əlverişli mövqedədir.
Çin və Hindistan kimi ölkələr yaşıl enerji istehsalı layihələrinə start verərkən, Azərbaycan da enerji sahəsində strateji üstünlük əldə etməyə çalışır. Bu məqsədlə investisiyaların sürətləndirilməsi və layihələrin tam istifadəyə verilməsi vacib hesab edilir".
Milli Məclisin üzvü Azər Badamov isə qeyd edib ki, layihələt hesabına alternativ enerji resursu formalaşacaq. Lakin əhaliyə verilən elektrik enerjisində qiymətlərin ucuzlaşması haqda indi danışmaq çətindir. Layihələr daha rentabelli olarsa, gələcəkdə qiymətlərə təsir edə bilər. Hazırkı məqsəd ekologiyanın qorunması – qaz istehsalının azaldılmasıdır.