Modern.az

Sahibkarlıqda yoxlamaların dayandırılması bu məsələlərə şamil olunmur

Sahibkarlıqda yoxlamaların dayandırılması bu məsələlərə şamil olunmur

İqtisadiyyat

4 Fevral 2026, 11:30

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılacaq. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.

Sözügedən dəyişikliklər yoxlamaların həyata keçirilmə mexanizmlərinə, tənzimləyici qurumların roluna, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət imkanlarına, eləcə də ümumilikdə ölkə iqtisadiyyatının inkişaf dinamikasına birbaşa təsir göstərən amil kimi diqqət çəkir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması mexanizmi qanunla tənzimlənir.

“Qanunla müəyyən olunmuş müddət ərzində sahibkarlıq sahəsində planlı yoxlamalar dayandırılır, lakin qanunda istisna edilmiş bəzi yoxlamalar davam edə bilər (məsələn, həyat və sağlamlıq üçün təhlükə yaradan hallar). Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 oktyabr 2015-ci ildə imzaladığı fərmanın qərar hissəsində  yoxlamaların aparılma halları, istisnalar və hansı qurumlar tərəfindən yoxlamaların aparılacağı ilə qaydalar müəyyən olunub. Bu, əsasən istisnanın şamil olunmadığı sahələr üzrə müvafiq icra hakimiyyəti orqanları, digər yoxlamaları isə İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumlar tərəfindən aparılması nəzərdə tutulur”. 

Deputat diqqətə çatdırıb ki, sahibkarlar yoxlamalar dayandırılıb deyə qanunlara riayət etməkdən çəkinməməlidirlər:

“Yoxlamaların dayandırılmasına baxmayaraq hər bir sahibkarın fəaliyyəti məsafədən izlənilir.  Bu baxımdan hansısa bir sahədə qanunun tələblərinin icrası ilə bağlı şübhələr müəyyən olunursa, həmin sahədə də müvafiq qaydada yoxlama təşkil olunur və fəaliyyətlər yoxlanılır”.

Sədr müavini onu da əlavə edib ki, yoxlamaların dayandırılması heç də bütün yoxlamaların dayandırılması anlamına gəlməməlidir:

“Müvafiq fəaliyyət sahələri var ki, qanunla müəyyən olunmuş qaydada yoxlamaların aparılması davam etdirilir.  Bununla yanaşı qeyd etməliyəm ki, yoxlamaların dayandırılması sahibkarların inzibati yükünü azaldır, iş mühiti sabitləşir və investisya mühiti yaxşılaşır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün risklər azalır və fəaliyyətlərdə yoxlamalarla bağlı fasilələrin əmələ gəlməsi halları azalır. Təbii ki, hər bir yoxlamanın müsbət tərəfləri olduğu kimi sahibkarın fəaliyəti üçün mənfi tərəfləri də mövcuddur. Amma qanunla belə bir güzəştin tətbiq edilməsi vicdanlı sahibkarın fəaliyyətini yoxlamalardan qorunmasına yol açır.

Prezident İlham Əliyevin fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edilmişdir. Qərarda hansı sahələrdə yoxlamaların aparılmasının dayandırılmasının şamil olunmadığını və ya aparılmasına zərurət yarandığı təqdirdə, yoxlamaların aparılması qaydaları öz əksini tapmışdır.  Məsələn, yoxlamaların dayandırılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara şamil edilmir”.

A.Badamov həmçinin vurğulayıb ki, sahibkarlıq sahəsində aparılan planlı və rutin yoxlamalar müəyyən olunmuş müddətdə dayandırıIır:

“Amma insanların həyat və sağlamlığına təhlükə yaradan hallarda, dövlət təhlükəsilziyi və iqtisadi maraqlar üçün vacib, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması və terrorçuluqun maliyyələşdirlməsi halları müəyyən olunanda yoxlamalar dərhal aparılır və müvafiq qanun belə hallara şamil olunmur. Eləcə də dövlət gömrük, vergi və digər qanunla müyəyyən edilmiş audit və nəzarət yoxlamaların aparılması da davam etdirilir”.

Deputat eyni zamanda sözügedən qərarın ölkə iqtisadiyyatına təsirləri və gözləntilərin qiymətləndirilməsi məsələsinə də aydınlıq gətirib:

“Bu qərarın gözləntiləri əsasən müsbətdir. Çünki, yoxlamaların dayandırılması ölkədə kiçik və orta biznes mühitini yaxşılaşdırır, sahibkarları investisyaların qoyulmasına stimullaşdırır və ölkədə iqtisadi aktivlik artır.  Yəni belə bir qərarın müddətinin uzadılması ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyinin növbəti bir formaısıdır.  Amma sahibkarlar da yoxlamaların dayandırılmasından sui-istifadə etməməli və qanunların tələblərinə riayət edərək fəaliyyətlərini qurmalıdırlar. Yoxlamaların dayandırılması sahibkarlarda məsuliyyət hislərini artırmalı və riskləri minimuma endirməlidir. İqtisadi aktivliyin artması və risklərin az müşahidə olunması da yoxlamaların dayandırılması müddətinin artırılması üçün bir çağırış olur”.

Yekun olaraq A.Badamov qeyd edib ki, 1 yanvar 2027-ci ilə qədər sahibkarlıq sahəsində yoxlamaların aparılmasının dayandırılması müddətinin uzadılmasında məqsəd azad sahibkarlıq mühitini təşviq etmək, kiçik və orta biznesin inkişaf etdirilməsini stimullaşdırmaqdır.

“Yoxlamaların dayandırılması sahibkarların üzərinə düşən inzibati və maliyyə yükünü azaldır.  Bu da sahibkarların vaxtına və maliyyəsinə qənaət olunmasına, o cümlədən yoxlama prosedurları ilə bağlı iş fəaliyyətinin ahənginin qorunub saxlanılmasına töhfə verir. Yoxlamaların dayandırıldığı müddət də göstərdi ki, bu heç də sahibkarların məsuliyyətini azaltmır”, - deyə deputat bildirib.

Xatırladaq ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən aparılan yoxlamalar dayandırılıb. Bu müddət 2026-cı il yanvarın 1-də isə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!