Azərbaycan banklarında manatla yanaşı, dollar və avroda əmanətlər də qəbul olunur. Qanunvericiliyə əsasən, xarici valyutada yerləşdirilən əmanətlərin dövlət tərəfindən sığortalanan hissəsi üzrə maksimal illik faiz dərəcəsi 2,5 faiz müəyyən edilib.
Modern.az xəbər verir ki, bəzi banklar həddən yüksək faiz təklif etsələr də, bu cür əmanətlər artıq Əmanətlərin Sığortalanması Fondunun təminatına düşmür.
Məsələn, Bank of Baku-da 1 ilədək müddətə yerləşdirilən dollar əmanətlərində sığorta mexanizmi qüvvədə qalır və bu, mövcud qaydalara zidd deyil. Lakin 1 ildən artıq müddətə yerləşdirilən dollar əmanətləri üzrə vəziyyət fərqlidir.
Belə ki, Bank of Baku-da 12–36 ay aralığında qoyulan dollar əmanətləri üçün illik faiz dərəcəsi 3 faiz və daha yuxarıdır. Qanunvericiliyə görə isə maksimal sığortalanma məbləği üçün banka yerləşdirilən əmanətin faiz dərəcəsi 2,5 faizdən çox olmamalıdır. Bu səbəbdən qeyd olunan faizlərlə yerləşdirilən əmanətlər dövlət tərəfindən sığortalanmır.
Oxşar risk AFB Bank üzrə də müşahidə olunur. Bankda 9–36 ay müddətinə qoyulan dollar əmanətləri üzrə faiz dərəcələri 3–4,5 faiz aralığında dəyişir. Bu isə həmin əmanətlərin də Əmanətlərin Sığortalanması Fondunun təminatına düşməməsi deməkdir.
Mütəxəssislər bildirirlər ki, yüksək faiz təklifi əmanətçi üçün daha cəlbedici görünsə də, sığorta mexanizminin olmaması bank riskləri fonunda vəsaitlərin təhlükə altına düşməsi ehtimalını artırır.