Modern.az

Azərbaycanda buğda üzrə məhsuldarlıq 10 ildir yerində sayır

Azərbaycanda buğda üzrə məhsuldarlıq 10 ildir yerində sayır

İqtisadiyyat

Bu gün, 11:02

Son on ilin statistikasına baxdıqda görürük ki, 2016–2023-cü illərdə aqrar sahənin orta illik artım tempi 3,6 faiz olmaqla həmin dövrdə ÜDM-in orta illik artım tempindən yüksək olub. Müsbət dinamika son illərdə də davam etsə də, artım tempi yavaşlayaraq 2022-ci ildə 3,4 faiz, 2023-cü ildə 3 faiz, 2024-cü ildə 1,5 faiz, 2025-ci ildə isə 0,9 faizə enib.

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. 

Deputat bildirib ki, Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır. Nəzərə alsaq ki, işğal altında olmuş torpaqlar ölkənin kənd təsərrüfatı istehsalının üçdə birindən çoxunu təmin edirdi, həmin ərazilərin azad edilməsi aqrar sahəyə töhfəni artıracaq və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

"Bununla belə, bəzi istisnalar xaricində torpaqlardan istifadənin mövcud vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Bir sıra rayonların (Hacıqabul, Salyan, Ağcabədi, Ağdam, Sabirabad və s.) və təsərrüfatların uğurlu nəticələri istisna olmaqla, əmək məhsuldarlığı aşağıdır.

2000-ci ildən bu yana 25 il ərzində strateji əhəmiyyətə malik buğda istehsalında məhsuldarlıq hər hektardan 23,7 sentnerdən 32 sentnerə yüksələrək cəmi 14 faiz artıb. Son 10 ildə isə bu göstərici 31–32 sentner səviyyəsində qalaraq demək olar ki, dəyişməyib".

Ə. Məsimli vurğulayıb ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycana 1 milyon 292 min ton buğda idxal edilib. Buğda üzrə özünütəminetmə səviyyəsi 56,1 faiz olmaqla 2023-cü ilə nisbətən 4,3 faiz bəndi azalıb. Bu isə göstərir ki, mövcud dəstək mexanizmləri sahədəki əsas problemləri tam həll etmir və idxaldan asılılıq davam edir.

"Kənd təsərrüfatı ölkədə ən çox məşğulluq yaradan sahələrdən biridir. Bu sahədə 1,8 milyona yaxın insan çalışır ki, bu da məşğul əhalinin 35 faizindən çoxunu təşkil edir. Lakin məşğulluqda yüksək paya malik olmasına baxmayaraq, kənd təsərrüfatının ÜDM-də payı 6 faizin altındadır. Bu isə aqrar sahədə əmək məhsuldarlığının aşağı olduğunu göstərir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!