Modern.az

Azərbaycanda adambaşına kənd təsərrüfatı istehsalı illik 1383 manatdır

Azərbaycanda adambaşına kənd təsərrüfatı istehsalı illik 1383 manatdır

İqtisadiyyat

Bu gün, 11:23

Kənd təsərrüfatında hər bir məşğul şəxs üzrə yaradılan əlavə dəyər 4,3 min manatdır ki, bu da ölkə üzrə orta göstəricidən 5,5 dəfə aşağıdır. Eyni zamanda, ölkədə adambaşına illik kənd təsərrüfatı məhsulu istehsalı 1383 manat, aylıq isə 115 manat təşkil edir. Bu göstəricilərdə müəyyən müsbət dinamika olsa da, ümumilikdə aqrar sektorun nəticələri potensial imkanlardan xeyli geri qalır.

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Əli Məsimli deyib.

Deputat vurğulayıb ki, aqrar siyasətdə müqayisəli üstünlüklər nəzəriyyəsinə əsaslanaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq bolluğunun yaradılması, qlobal bazarlardakı qeyri-sabitliyin təsirlərinin azaldılması və idxaldan asılılığın minimuma endirilməsi əsas prioritetlərdəndir.

"Bu baxımdan aqrar sahədə əsaslı dönüş yaratmaq üçün ilk növbədə torpaqların şoranlaşması, eroziyaya uğraması və çirklənməsi kimi problemlərin aradan qaldırılması, torpaq keyfiyyətinin yaxşılaşdırılması istiqamətində kompleks və işlək mexanizmlərin tətbiqi vacibdir".

Əli Məsimli vurğulayıb ki, Azərbaycan əhalisinin ərzaq buğdası ilə təminatının 40 faizdən çoxu idxal hesabına formalaşır. Bu asılılığın azaldılması üçün daxili istehsalın artırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Xüsusilə keyfiyyətli və iqlim dəyişikliklərinə davamlı toxum təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

"Son illər dövlət büdcəsindən kənd təsərrüfatına 1 milyard manatdan artıq vəsait ayrılır və 2026-cı ildə bu vəsaitin 1,2 milyard manata çatacağı gözlənilir. Bunun 553 milyon manatı birbaşa kənd təsərrüfatında artımın təmin olunmasına yönəldilir. Hesablamalara görə, bu vəsaitdən səmərəli istifadə etməklə aqrar sahədə 5 faizdən artıq artım əldə etmək mümkündür.

"Bununla belə, ölkə üzrə ümumi 21 milyard manatlıq investisiya qoyuluşunun çox az hissəsi, son illərdə cəmi 3 faizi kənd təsərrüfatına, 1,3 faizi isə qida məhsulları istehsalına yönəldilir ki, bu da həmin sahələrin real tələbatından xeyli aşağıdır"- o sonda qeyd edib.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!