ABŞ və İran arasında 2 həftəlik atəşkəsin elan olunmasından sonra dünya bazarında neftin qiymətində sürətlə ucuzlaşma müşahidə olunub. Həmçinin, “qara qızıl”ın qiyməti dərhal 15% enərək, 11 mart 2026-cı ildən bəri ilk 92 dollar səviyyəsindən aşağı düşüb. Tərəflər arasında sülhün yaranacağı təqdirdə neftin qiymətinin nə qədər düşəcəyi də maraq doğurur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bildirib ki, hazırda neft bazarında müşahidə olunan qiymət azalması daha çox psixoloji və ilkin reaksiyalarla bağlıdır:
“Hazırkı mərhələdə bazar iştirakçılarının reaksiyası əsasən İranın irəli sürdüyü təkliflərə ABŞ-nin müsbət yanaşması və danışıqlara açıq olması ilə bağlıdır. Bu da emosional fon yaradaraq neft qiymətlərində təxminən 15 faizlik enişə səbəb olub”.
Neft sahəsi üzrə ekspert bildirib ki, aprelin 10-da İslamabadda danışıqların nəticələri açıqlanandan, tərəflərin rəsmi mövqeləri bəlli olandan sonra bazarın daha real reaksiyasını görə biləcəyimizi qeyd edib:

“Ehtimal olunur ki, artıq cümə günü axşam saatlarında neftin qiymətinin hansı istiqamətdə hərəkət edəcəyinin ilkin siqnalları formalaşacaq. Bazar ertəsi isə elan olunan iki həftəlik atəşkəsin daha oturuşmuş qiymət təsirlərini müşahidə etmək mümkün olacaq”.
Neftin qiymətinin son dövrdə 100 dollardan yuxarı olması məhz müharibənin yaratdığı risk faktorları ilə bağlı idi:
“Bu, enerji bazarlarında qeyri-müəyyənliyin və təhlükələrin artmasının göstəricisi idi. Hazırda həmin risklər tam aradan qalxmasa da, müəyyən qədər azalıb və bazar da buna uyğun reaksiya verir. Nəzərə almaq lazımdır ki, müharibədən əvvəl “Brent” markalı neftin qiyməti təxminən 70 dollar civarında ticarət olunurdu”.
Neftin 1 bareli 65 dollardan aşağı düşə bilər?
“65 dollar isə 2026-cı il üçün nəzərdə tutulan orta qiymət göstəricisidir. Son bir ay ərzində biz nefti 100 dollar və ondan yuxarı qiymətlərlə satmışıq. Qarşıdakı 8 ay ərzində qiymətlərin necə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Bu, birbaşa olaraq qlobal proseslərin inkişafından, siyasi və iqtisadi faktorların necə formalaşacağından asılı olacaq” – o sonda qeyd edib.