Türk xalqlarına məxsus olan Novruz bayramı ənənələrinin itirilməsi fonunda Bakıda “Hellouin” yığıncaqları ilbəil genişlənir. Əcnəbi mədəniyyətə məxsus bu bayram beynəlxalq səviyyədə keçirilmədiyi halda Azərbaycan cəmiyyətində niyə əks-səda yaradır. Niyə regiona yad olan ənənə Azərbaycana ayaq açdı?
Sözügedən bayram nəinki Asiya ölkələrinin, hətta Avropa xalqlarının da mədəniyyəti hesab edilmir. Şimali Amerika xalqlarına xas olan “Hellouin” ölkəyə gətirilməsinin biznes tərəfi qaçılmazdır. Məclislərə aid geyimlərin satışının artmasından, şəhərin görkəmli yerində pulsuz şənliklərin təşikilindən bunu başa düşmək çətin deyil. Dünyəviləşmənin, qərbləşmənin küyünə düşən cəmiyyət nəyi yadırğayır, itirdiyi hansı dəyərlərdir? Yoxsa, tam əksinə, mədəniyyətimiz zənginləşir?
Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Elçin Bayramlı qeyd edib ki, sözügedən bayram şeytana xidmət edənlərin bayramıdır:
“Azərbaycanda təbliğata uyanlar var. Bunu ictimailəşdirmək, mediada və sosial şəbəkələrdə təbliğ etmək qadağan olunmalıdır. Təşkilatçılar qlobal “satanist” mərkəzlərdir. Bir sıra ölkələrdə təbliğ edilir. Məqsəd mənəvi dəyərləri sarsıtmaq, insanları “zombiləşdirməkdir”.
O qeyd edib ki, "Hellouin"in təbliğatı cəmiyyətin düşdüyü küydən qidalanır. Tələyə düşən insanların hesabına prosesi rahat şəkildə aparmaq mümkündür.
E.Bayramlı bildirib ki, məqsəd qlobal “zombi imperiyası” qurmaq, yerli mədəniyyətləri sıradan çıxarmaq, vəhşi, əxlaqsız, qorxunc halı cəmiyyətə təlqin etməkdir. Belə təbliğatın artıq cəmiyyətdə mənfi təsirini görən ekspert deyib ki, hal-hazıda buna qarşı heç bir effektli mübarizə forması yoxdur: “Belə hallar sürətlə artacaq. Bu həm də qazanc mənbəyidir. Mənəvi dəyərlər yaşadılmır, əksinə, mənfi, yad təsirlər güclənir. Buna son qoyulmalıdır. Novruz bayramı və digər milli adət-ənənələrimiz təbliğatın qurbanına çevrilir. Milli adətlər pis, kənardan gətirilən hər cür təbliğat yaxşı kimi təqdim edilir”.
Cavid Zahidoğlu