Modern.az

Dönür sözə, sözdə qalır…

Dönür sözə, sözdə qalır…

Mədəniyyət

13 Noyabr 2025, 12:37

Görkəmli mühacirətşünas alim Abid Tahirlinin 70 yaşına

Abid Tahirlinin bütün həyat və fəaliyyəti  ziyalılıq nümunəsidir. O, yorulmaz tədqiqatçı, istedadlı publisist, tələbələrinin yolunu həyəcanla gözlədiyi, mühazirəsini həvəslə dinlədiyi mahir pedaqoqdur, nümunəvi ailə başçısıdır, halal nəsildən gələn, saf kökdən şaxələnən layiqli övladdır! Yumşaq təbiətinə, həlim xasiyyətinə, təbəssümlü simasına aldanmayın!  Yeri gələndə, haqqına giriləndə, kiminsə haqqı tapdalananda sərt mövqeyini ortaya qoyandır, sözü şax üzə deyəndir Abid müəllim!

Əgər bu nurlu, işıqlı insanın xarakterini  bir sözlə ifadə etmək lazım gələrsə, fikirləşmədən “əməksevərliyi” seçərdim. çünki, prof. Abid Tahirli qibtə ediləcək qədər işgüzar, zəhmətsevərdir. “İstedadın 90% zəhmətdir”- kəlamının hikmətinə, doğruluğuna Abid müəllimin həyat və yaradıcılıq yolunu incələyəndə, izləyəndə bir daha əmin ola bilərsiniz. A. Tahirli gəncliyinin ən gözəl illərini ölkəmizdə və xaricdəki arxiv, kitabxana və muzeylərdə keçirən, istirahətini, əyləncəsini tozlu sənədlərin araşdırmağa dəyişən, əldə etdiyi ən  kiçik elmi uğura belə körpə uşaq kimi ürəkdən sevinən elm, düşüncə, əqidə adamıdır. Özü də etiraf edir həyatının mənasını, ömrünün xoşbəxtliyini sözdə axtardığını, sözdə tapdığını: “Mən bütün gün ərzində, hər yerdə-evdə, müxtəlif mərasim və tədbirlərdə, səfərlərdə, işdə, hətta yuxuda...”yazmaqla”, imkan tapan kimi düşündüklərimi ağ vərəqə köçürtməklə məşğulam. Qələmim düşüncəmin, əqidəmin, ruhumun, təxəyyülümün aynasıdır, eynən onlar kimidir, səd-sərhəd tanımır, xoş məramlıdır, milli, dini dəyərlərdən qidalanır. Elmi-publisistik yazılarımın mövzusu, toxunduğum problemlərin əhatə dairəsi zəngin və genişdir, böyük əksəriyyətinin qarşısında “ilk dəfə” sözünü cəsarətlə, əminliklə dilə gətirməyi oxucunun ixtiyarına buraxıram”.

Abid müəllimin “Əvvəl qəlbim, sonra qələmim susacaq” məqaləsini oxumusunuzmu? Mütləq oxuyun! İçdən gələn bu yazı ədibin iç dünyasının tanıtımıdır, zəngin mənəvi aləminin sözdə əks edilmiş güzgüsüdür, etiraflarından hörülmüş portretidir. Həcmi böyük olmasa da, məna yükü çox ağırdır, təsiredicidir, inandırıcıdır. “Qəlbim döyünənə qədər yazacağam”- deyir Abid müəllim: “Hərdən yaxın-uzaq adamlar müxtəlif niyyət və fərqli tərzlə soruşurlar: - Yazmaqdan yorulmadın?   Həmişə cavabım eyni olub:

- Əvvəl qəlbim, sonra qələmim dayanacaq...”

Söz adamdan-sözü ucaldan, sözü ilə də ucalmağı bacaran bu işıqlı ziyalıdan 70 illik yubileyi günlərində söz açmaq təkcə Abid Tahirliyə yox, sözü müqəddəs sayan bütün söz adamlarına, ilahi sözə ehtiramın nişanəsidir. “İnsan hər sözü üçün Allah qarşısında məsuliyyət və cavabdehlik daşıyır” -deyən, sözünün çəkisini və yerini bilən, özünə, sözünə qiymət verən, həm də verilən, sözününün nüfuzunu özünün nüfuzu kimi qoruyan qələm əhlidir Abid müəllim. “Allah doğru yolda olanın doğruluğunu artırar”, “özü doğru olanın sözü də doğru olar” kəlamlarına söz və qələm sahibi kimi bütün həyatı boyu sadiq qalmağa çalışıb və buna nail olduğunu 70 illik ömrünə hesabatda fəxrlə deyə bilən insandır A.Tahirli.

Dincəlməyir, dayanmayır,

                   Gecə-gündüz hey çağlayır,
                   Uzaq, yaxın-soraqlayır,
                   Dönür sözə, sözdə qalır,
                   Günlərim, illərim mənim

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirli bu gün ədəbiyyatşünaslıq elmində mühacirət dövrü ədəbiyyatının və mətbuatının əsas və aparıcı tədqiqatçılarından biri hesab olunur. A. Tahirli Azərbaycan ədəbiyyatşünaslıq elmində bu istiqamət üzrə ixtisaslaşan az sayda alimlərimizdəndir.

Qeyd edək ki,  prof. Abid Tahirlinin ədəbiyyatımızın bu sahəsinin tədqiqi ilə məşğul olması iş fəaliyyəti ilə sıx bağlı olmuşdur. Xatırladaq ki, Abid müəllim 1982-1987-ci illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi” adlı qəzetdə müxbir, 1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Əlaqələr Cəmiyyəti -“Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetində əvvəlcə müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. 1992-1993-cü illərdə Cəmiyyətin Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifələrində işləmişdir. Bu vəzifələrdə çalışması Abid Tahirliyə vətəndən kənarda yaşayan soydaşlarımızın həyat və fəaliyyətini yaxından öyrənməyə, arxivlərlə tanış olmağa, konkret arxiv sənədlərinə və mühacirətdə yaşamış mücahidlərin hazırda həyatda olan yaxınlarına istinadən ədəbiyyatımızın mühacirət dövrünü işıqlandırmağa imkan vermişdir. Alimin publisistik və elmi fəaliyyəti demək olar ki, bütünlüklə tariximizin mühacirət dövrü ədəbiyyat və mətbuatını araşdırmağa həsr olunmuşdur.

Abid Tahirli 1997-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətəqədərki dövr)” mövzusunda namizədlik, 2006-cı ildə Bakı Dövlət Universitetində “Azərbaycan mühacirət mətbuatında publisistika(1921-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Prof. Abid Tahirlinin biri Türkiyədə olmaqla mühacirət ədəbiyyatının tədqiqinə dair 19 kitabı işıq üzü görmüşdür. Mühacirət tariximizin daha bir ünlü siması olan Nağı Şeyxzamanlının həyat və yaradıcılığından  bəhs edən və “Mühacir ədiblərin imzaları” adlı yeni  monoqrafiyaları  da çapa hazırlanır və  bu yaxınlarda oxucuların ixtiyarına veriləcək.  Prof. Abid Tahirlinin elmi fəaliyyəti və tədqiqatları haqqında respublika və xarici ölkə nəşrlərində 200-dək məqalənin dərc edilməsi onun mühacirətşünas alim kimi, həm ölkəmizdə, həm də xaricdə tanınmasından, söz və nüfuz sahibi olmasından xəbər verir.

Azərbaycan ədəbiyyatşünaslığında mühacirət dövrünün araşdırılmasına XX əsrin 80-ci illərindən başlanılıb. Həmin illərdə daha demokratik xəttə xidmət edən bəzi mətbu orqanlarda ayrı-ayrı məqalələr nəşr olunub. Bu dövrdə  sistemli şəkildə yazılmış elmi tədqiqat işlərinə və monoqrafiyalara rast gəlinmir. Keçmiş ittifaq  dövründə mövcud olmuş ideoloji-siyasi yasaqlar siyasi mühacirətinin zəngin ədəbi-elmi irsini araşdırmağa imkan verməmişdir. 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi  ədəbiyyatşünaslıq elmində də canlanma yarandı.

Mühacirət ədəbiyyatının və 150 illik şərəfli tarixə malik Azərbaycan milli mətbuatının  ən az  öyrənilmiş sahəsi olan mühacirət mətbuatının öyrənilməsinə də məhz o illərdən başlanıldı. Unutmaq olmaz ki, milli mətbuatımızın mühacirət tarixinin sistemli öyrənilməsi istər jurnalistika, istərsə də tarix baxımından olduqca vacib addım idi. Ötən XX əsrin sonlarından bir çox ədəbiyyatşünas və tarixçi alimlər paralel olaraq Azərbaycan mühacirət irsinin tədqiqi istiqamətində axtarışlar aparmışlar. Məhz  onların gərgin zəhməti sayəsində qısa zaman ərzində onlarla sanballı elmi tədiqqat işləri ortaya qoyuldu.  Xalq yazıçısı Elçin, Şamil Qurbanov, Vilayət Quliyev,   Abid Tahirli, Nikpur Cabbarlı, Nəsiman Yaqublu, Vaqif Sultanlı, Bədirxan Əhmədli, Xaləddin İbrahimli və bir sıra digər tədqiqatçıların apardığı elmi araşdırmalar milli ədəbiyyatımızın və mətbuatımızın mühacirət qolunun tarix baxımından bədii salnaməsini yaratmağa imkan verdi.

Xatırladaq ki, ədəbiyyatşünaslığımızda mühacirət dövrü ədəbi irsinin və mətbuatının sistemli, ardıcıl araşdırılmasına  2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradıldıqdan sonra başlanılıb. Həmin il institutun təşkilatçılığı ilə “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda ikinci beynəlxalq elmi konfrans  keçirilib. 2016-cı ildən “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının nəşrinə başlanılıb, bu seriyadan 10-na yaxın kitab işıq üzü görüb və bu nəşrlərin ərsəyə gəlməsində  Abid Tahirlinin də rolu olmuşdur.

Fililogiya elmləri doktoru, prof. Abid Tahirlinin Azərbaycan mühacirət ədəbiyyatının,  mühacirət mətbuatının araşdırılması istiqamətindəki elmi fəaliyyətindən, apardığı çoxşaxəli araşdırmalardan yazan alim və jurnalist həmkarların fikri bir nöqtədə tam üst-üstə düşür ki,  A. Tahirli Azərbaycan ədəbiyyatşünaslığının  mühacirət qolunun və mətbuatının özülünü, təməlini qoyanlardandır, külüng çalanlarındandır, prof. Xeyrulla Məmmədovun təbirincə desək, “bu sahənin lokomatividir”.

Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolunun tədqiqi, Azərbaycan mühacirət probleminin, o cümlədən mühacirət mətbuatı tarixinin araşdırılması, mühacirət mətbuatında publisistika problemlərinin öyrənilməsi, mühacirət mətbuatı biblioqrafiyasının hazırlanması və nəşri, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Abay Dağlı, Məhəmməd Altunbay, Əhməd Cəfəroğlu, Mir Yaqub Mirmehdiyev, Əhməd bəy Ağaoğlu, Şəfi bəy Rüstəmbəyli, Süleyman Təkinər, Mustafa Türkəqul, Əbdülvahab Yurdsevər, Nağı bəy Şeyxzamanlı və başqa mühacir ədiblərin həyat və yaradıcılıqlarının, bədii-publisistik irsinin araşdırılmasında A. Tahirlinin böyük zəhməti olmuşdur. O, Ə. Ağaoğlunun Malta məktublarının, İsmayıl Saryalın “Bakı rüzgarı” romanının əslinin surətinin üzə çıxarılmasına nail olmuş, onları Milli Arxiv İdarəsinə təqdim etmişdir. İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığının yeni dəyərlər və tələblər baxımından öyrənilməsi, İsmayıl bəy Qaspiralının həyat və fəaliyyətinin tədqiqi, bədii, publisistik irsinin, təhsil sahəsindəki misilsiz xidmətlərinin  araşdırılması, Azərbaycanda məktəb, təhsil və pedaqoji fikir tarixinin tədqiqi, Azərbaycan publisistikasının öyrənilməsi, klassik və müasir dövr ədəbiyyatına dair araşdırmalar, Azərbaycan mətbuatı tarixinə, o cümlədən Cənubi Azərbaycan mətbuatına dair tədqiqlər Abid Tahirlinin ədəbiyyatşünas alim kimi fəaliyyətinin əsas istiqamətlərini əks etdirən şaxələrdir.

Mühacirət ədəbiyyatını, xüsusən bu ədəbiyyatın XX əsrin 30-60-cı illər dövrünü tədqiq etməyi əksər ədəbiyyatşünas alimlər iynə ilə gor qazmaq adlandırırlar. Səbəb də budur ki, həmin dövrdə mühacirət etmiş şair, nasir, publisistlərin yazılı irsi repressiya xofundan, stalinizmin vahiməsindən, demək olar ki, məhv edilib, arxivlərdəki az-çox mənbələri üzə çıxarmağa isə günün bu günündə də müəyyən maneələr yaradılır. Güman qalır qonşu Türkiyə Cümhuriyyətinin və bir çox Avropa ölkələrinin arxivlərinə ki, Abid Tahirli də elmi tədqiqatında ən çox bu mənbələrdən bəhrələnib.

 Mühacirətşünas alimin hələlik nəşr olunmuş son tədqiqat işi olan “Abay Dağlının həyatı və yaradıcılığı” monoqrafiyasını Xalq yazıçısı Elçin  alimin yeni yaradıcılıq uğuru adlandıraraq yazır: “Abid bu silsiləni belə bir ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi mühacirətşünaslığımızın mənzərəsi bütövlük, müfəssəllik baxımından qazanmış olar”. Elçinin qənaətinə görə monoqrafiyada  “A.Tahirli işlədiyi mövzunun aktuallığını ciddi faktlar və ətraflı şərhlərlə əsaslandırmış, tədqiqat predmetinin öyrənilmə tarixini diqqətlə izləmiş, araşdırmanın məqsəd və vəzifələrinə aydınlıq gətirmiş və arxiv sənədlərinə, ilkin mənbələrə effektli şəkildə istinad etmişdir. Yaxşı cəhətdir ki, Abid bilavasitə A.Dağlının əsərlərinə əsaslanaraq, onun həyatından, ilk qələm təcrübələrindən, yaradıcılığının sonrakı mərhələlərindən ətraflı bəhs edir və bu yazıçının qələmə aldığı mövzuların, onun bədii dilinin və üslubunun, bir sözlə, sənətkarlıq xüsusiyyətlərinin mahiyyətinə varır, A.Dağlının yaradıcılıq portretini yaratmağa nail olur”.

Ədəbiyyatşünas alimlərin fikrincə, A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmalarında, məqalə və monoqrafiyalarında qələm sahiblərinə hörmət, ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət tədqiq və təhlil obyektinə ciddi və obyektiv münasibətdən gedir.

Tədqiqatçı mühacirət dövrünün araşdırılmasını ədəbiyyatşünaslığın vacib qolu hesab edərək yazır: “Çağdaş ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdən biri də mühacirət irsinin yaranmasını şərtləndirən amillərin, onun yaradıcılarının həyat və fəaliyyətinin, ədəbi, publisistik nümunələrin ideya, məzmun, sənətkarlıq problemlərinin müasir tələblər səviyyəsində araşdırılması, dəyərləndirilməsidir. İnkarolunmaz bir həqiqətdir ki, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Bala Məhəmmədzadə, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu, Almas İldırım, B.E. Ağaoğlu, Əmin Abid (Gültəkin), Məhəmməd Əli Rəsuloğlu, Məhəmməd Sadıq Aran, Məhəmməd Altunbay, Nağı Şeyxzamanlı, Əbdülvahab Yurdsevər, Əli Volkan, Müseyib Zəyəm, Alazan Baycan, Teymur Atəşli, Banin və başqa mühacirlərin irsi ümumazərbaycan ədəbi, milli-mənəvi, ictimai-siyasi, fəlsəfi, ideoloji sərvətinin dəyərli parçasıdır və bu xəzinə xalqın varlığını, onun həyat və təfəkkür tərzini, istək və ideallarını təsdiq edən, yaşadan, gələcək nəsillərə ötürən ən güclü mənbələrdəndir”.

Abid Tahirli dövrü mətbuatda, sosial şəbəkələrdə, radio və televiziyada müntəzəm olaraq mühacirət ədəbiyyatının, mətbuatının araşdırılması ilə bağlı məqalələr yazır,  çıxışlar, paylaşımlar edir. “Akademik İsa Həbibbəyli “Abid Tahirli geniş mənada elmi-publisist əsərləri ilə azərbaycançılıq ideyalarına ləyaqətlə və uğurla xidmət edən vətəndaş ziyalıdır”,  prof. Rüstəm Kamal “Abid Tahirlinin özünəməxsus xatirə üslubu var. Bir-iki detalla portreti canlandıra bilir” deyir, prof.  Məhərrəm Qasımlı onun elmi fəaliyyətini  “bir mücadilə” adlandırır. Prof. İslam Qəribli “Abid Tahirli mühacirət dövrü ədəbiyyatımızı, publisistikamızı elmi müstəvidə təhlilə cəlb edən, elmə gətirən söz adamıdır, alimdir. O, ədəbiyyat tarximizin bu hissəsini ilmə-ilmə çözməkdədir”  fikrindədir”.

Mühacirətşünas alimin “Azərbaycan mühacirət mətbuatı” - I hissə (2002), “Azərbaycan mühacirət mətbuatı” - II hissə (2003) və  Azərbaycan mühacirət mətbuatında publisistika” (2005) kitabları mühacirət tariximizlə bağlı boşluğu dolduran maraqlı tədqiqat əsərləridir və ədəbiyytımızın həmin istiqamətdə qızıl fondunu təşkil edir. Bu əsərlər günümüzdə Azərbaycan mühacirətinin həyat tərzi, təşəkkül tarixi, sosial tərkibi haqqında ən dəyərli mənbə rolunu oynayır..

 Ceyhun Hacıbəyli “Xalq xadiminin xatirəsi” məqaləsində yazır: “Cəmiyyətdə bir qisim adamlar var ki, onlar hay-küysüz, səsiz-səmirsiz iş görməklə, xalqa fayda verməklə məşğuldurlar. Onlar şan-şöhrət naminə yox, xalqın tərəqqisi, maariflənməsi üçün ömür-günlərini şama döndərirlər”.  Ədibin bu sözlərini prof. Abid Tahirliyə də aid etmək olar. “Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla!”. İsmayıl bəy Qaspiralının sözləri ilə desək, Abid Tahirlinin mühacirət irsini belə səbrlə, dəqiqliklə araşdırması xalqına ən böyük xidmətidir.

Məhərrəm Qasımlı Abid Tahirlini  yaradıcılıq həvəsinə qibtə etdiyini gizlətmir: “Etiraf edim ki, A. Tahirlinin tükənməyən axtarmaq, araşdırmaq, yazmaq ehtirası, həvəsi məni heyrətləndirir. Bəzən mənə elə gəlir ki, o günün 24 saatını işləyir. Bu marağın, vurğunluğun səbəbini o, tədqiqat sahəsi ilə əlaqələndirir. Fikrimcə, nə vaxt yazılmağından asılı olmayaraq, əsər dəyərlidirsə, zamanın sınaqlarına dözürsə, o, parllaqdır, solmazdır. Abid Tahirlinin qələmi simalı, məsləkli qələmdir, o dünən də belə idi, bu gün də belədir, əminəm ki, sabah da belə olacaqdır. Ən başlıcası da elə budur” .

 Abid Tahirli bu gün elmi, bədii-publisistik yaradıcılığını qoşa qanad kimi paralel aparır. Məqalələrinin birində qələmi, məsləyi və idealı haqqında belə yazır: “Qələmimin əlimdən düşəcəyi gün mən yoxam, başqa sözlə desəm, yaradanımdan ölümümdən sonra qələmimin əlimdən düşməsini təmənna edirəm. 50 il mən qələmdən, qələm mənim əlimdən tutdu, bir-birimizə həyan, dayaq olduq. Bircə dəfə də olsa, bircə sətir, bircə cümlə də olsa əyri, yalan, şər, böhtan, iftira, anonim yazmadım, haqqa göz yumub haqsızı müdafiə etmədim, ləyaqətlinin, layiqlinin ünvanına ən xoş, ən təzə, ən təravətli, ən saf, ən sərrast, ən səmimi sözləri söylədim, məddahlıq etmədim, doğrunu, düzü yazdım. Ən ağır, ən acı, çətin, dar günlərimdə, kədər, qəm, qüssə mənə hücum çəkəndə-babamı, valideynlərimi, bacımı itirəndə də qələmimə sığındım, onunla ovundum, sakitləşdim, onun köməyi ilə təsəlli, təskinlik tapdım, büdrəmədim, yıxılmadım. Ən xoş, ən sevincli günlərimi onunla bölüşdüm, onunla paylaşdım”.

Prof. Abid Tahirli ömrünün 70-ci-yubiley payızına bahar ovqatı, gənclik əhval-ruhiyyəsi, ovqatı ilə qədəm qoyur.  Maşallah, xarici görünüşü,  qıvraqlığı, iş ahəngi 70-i göstərmir. Hələ ardıcıl çap etdirdiyi kitabları demirik.  Abid müəllimi bu yaşında da belə gənc saxlayan, şux göstərən bilirsiniz nədir? Simasındakı ilahi nurdur, elmindən, idrakından, iç dünyasının təmizliyindən, qəlbinin paklığından qaynaqlanan işıqdır, fitri istedadla gərgin zəhmətin çarpaşıq harmoniyasıdır, adının taleyinə gətirdiyi ilahi hikmətdir, həyata, insanlara, sevdiyi işinə, qələminə bəslədiyi sonsuz məhəbbətdir!

Şair Məmməd İsmayıl ölməz şöz sərrafı M. Şəhriyarın həyat və yaradıcılığını təhlil edərkən tədqiqatını bir fikirlə ümumiləşdirmişdi: “Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə tanınır”. A. Tahirli millətinin elə mərd övladlarındandır ki, fəaliyyəti, yaradıcılığı gələcək nəsillərə örnək kimi nümunə göstərilə bilər. Onun  elmi-publistik-bədii irsi xalqımızın milli sərvətidir. Abid Tahirlinin 70 illik ömründə qazandığı  sərvət bütün ömrü boyu sətir-sətir yazdığı elmi araşdırmalarıdır, min bir zəhmət bahasına  ərsəyə gətirdiyi əsərləridir. O əsərləri ki, qəhrəmanlarının həyat və fəaliyyətlərində, həm də özünün fikir və düşüncələrini, duyğu və hisslərini əks etdirərək sözün, zamanın yaddaşına köçürə bilib. Yazdığı hər kitabda özünün də bir alim, publisist, müəllim, yaradıcı insan kimi portretini yaradıb Abid müəllim...

Qələm adam, söz adam! Yaradıcılıq həvəsiniz, yazıb-yaratmaq sevginiz dediyiniz kimi: “dönür sözə, sözdə qalır”...Söz bulağınızın gözü heç vaxt bağlanmasın, ilham çeşməniz axarlı, coşqun olsun. Həmişə belə məhsuldar çalışın-Maşallah! Belə də davam edin-İnşallah!

Şair demişkən:

Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
 


Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru

Sizə yeni x var
Keçid et
Genaral işə qarışdı - Təyyarə qəzasıyla bağlı ŞOK DETAL