Modern.az

İrəvanda xan, Şəkidə Sultan niyə qalmadı... - Təhrif olunmuş MAHNI

İrəvanda xan, Şəkidə Sultan niyə qalmadı... - Təhrif olunmuş MAHNI

Mədəniyyət

14 Noyabr 2025, 14:46

Məşhur xalq mahnısının tarixi 19-cu əsrin əvvəlləri, Qafqazın işğal dövrü ilə bağlıdır...

İrəvanlı gözəlin aşiqi onun xallarına heyrətini bildirməklə, gözəlliyini tərənnüm edir... onun Xanlara, sultanlara, mahalin ən uca kimsələrinə layiq olduğunu bildirir...

Ölkə isə dağılıb, İrəvan xanlarının nəsli tarixi yurdlarından kəsilib... sağ qalanlar İranın içərilərinə köç edib...

Aşiq isə onu sevdiyi üçün daha canının dözmədiyini bəyan etməkdədir...

Mahnının tarixi mahiyyətini Firidun Şuşinski təhriflə çox dəyərli mətni bayağı ifa kimi şərh edib...

Mahnı ilk dəfə 1910-cu ildə Məşədi Hilal Zeynalovun ifasında qrammofon valına yazılıb... o vaxt hələ İrəvanda xanın, Şəkidə sultanın qalmadığı mətndə var idi. Məlumdur ki, Gəncə yox, Şəki oxunmalı idi... və Məşədi Hilal da elə Şəki oxuyur...

Mən həmin səs yazısıyla musiqi tədqiqatçısı Gülhüseyn Kazımlının vasitəsilə tanış idim.

Professor Abasqulu Nəcəfzadə 1938-ci ildə repressiya qurbanı olmuş Hümmət Əlizadənin nəşr etdirdiyi mətni belə xatırlayır:

İrəvanda bir quyu var,
Şəkərdən şirin suyu var.
Hər gözəlin bir xoyu var

Ay qız, o xal nə xaldır,
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldır,
Sən üzə düzdürmüsən?

İrəvanda yol işlərəm,
Xəncəlimi gümüşlərəm.
Bir öpərəm, bir dişlərəm.

İrəvanda ayaq quşu
Gedər yazı, gələr qışı.
Yaxşı olar yar görüşü

İrəvanda Çarşı bazar,
İçində bir gəlin gəzər.
Dərdlərimə dərman yazar.

İrəvanda Zəngi çayı,
Hüsnün mat eyləyir ayı,
Mən yazıq yetimin payı

İrəvanda olar dügü,
Tacirlər bağlayar yükü,
Hindistandakı qul təki

İrəvanda xan qalmadı,
Gəncədə soltan qalmadı,
Daha məndə can qalmadı

Əlbəttə elə prfessor özü də bu mətnlə tam razılaşmır... əlbəttə Gəncə məsələsində... Sultanlıq anlayışı Şəki ilə daha çox bağlıdır... professor da mətndəki gəlin obrazına yumşaq etrazını bildirir və doğru olaraq gəlin obrazının əvəzinə gözəl obrazını daha döğru olaraq qeyd edir...

Diqqət edilərsə bütün mətn boyu heç yerdə "İrəvanda xal qalmadı" ifadəsi işlədilmir.

Söz arası: Bu mətn cüzi redaktə ilə (gəlin- gözəl, Gəncə- Şəki) yenidən yaşam haqqı almağa tam layiqdir... "Bir öpərəm, bir dişlərəm"də də erotika axtarmaq yersizdir... bu ifadəni Dədə Qorqud kitabından da yada sala bilərik...

Hələ mahnının duet variantını da şərh edənlər var... Bu barədə A.Nəcəfzadənin qeydləri də maraqlıdır. İrəvan qalası işğal olunandan sonra xanlığın varisləri uzun müddət açıq və gizli şəkildə mübarizəni davam etdiriblər... onda daha sərt tədbirlər görülüb... xanlığa qohum olanların baş tərpədənlərin çoxu öldürülür, sağ qalanlar İranın içərilərinə köç edirlər... bu barədə əvvəlcə də qeyd etmişdim... Ölkənin şimalındakı Sultanlıqlara da münasibət belə olub.

Elə Qarabağ xanı İbrahim Xəlil xanın bütün ailəsinin və özünün başına gətirilənləri hər kəs bilir... körpə uşaqlar da qılıncdan keçirilmişdi.

Professor Hikmət Babaoğlu isə mətni tam rus işğalı ilə bağlı şərh edir... Zənnimcə, çox doğru yanaşmadır.

Nəhayət, xalqın tarixi, xüsusilə, faciələri ilə bağlı məsələlərdə diletant yanaşmalara laqeyd münasibət qətiyyən olmaz...

Düşünürəm ki, mətnin bərpası ilə ustad sənətkarların ifasında yenidən yazılması çox vacibdir...
 

Əli Rza Xələfli

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!