Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 22 il keçir. Hər il olduğu kimi, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri və yüzlərlə vətəndaş Fəxri xiyabana gedərək Ulu öndərin xatirəsini ehtiramla yad edirlər. Ziyarət ənənəsinin bu qədər davamlı olması Heydər Əliyevin Azərbaycan cəmiyyətinin yaddaşında və dövlətçilik şüurunda tutduğu yerin ölçüsünü də göstərir.
Məhz buna görə, xalqın hər gün ziyarət etdiyi, dövlət protokolunun ən vacib məkanlarından biri olan Heydər Əliyev abidəsi ayrıca diqqət tələb edən mövzudur.
Modern.az Heydər Əliyevin məzarı üzərində ucaldılan abidəsinin necə ərsəyə gəldiyini araşdırıb.
Abidənin müəllifi, görkəmli heykəltaraş və Heydər Əliyevin yaxın dostu Ömər Eldarovdur. O, həmçinin Ümummilli lider sağ ikən heykəlini yaradan yeganə sənətkardır.
Ömər Eldarovun sözlərinə görə, Heydər Əliyevin nəşi ABŞ-dən Azərbaycana gətiriləndə Prezident İlham Əliyev onu Fəxri xiyabana çağırıb.
“Fəxri xiyabanda görüş təyin olundu, Ulu öndərin heykəlinin harada qoyulacağı barədə birgə qərar verilməli idi. Səhəri gün mən İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdüm. Heydər Əliyevin dəfn olunduğu yerdə heykəlin ucaldılması barədə razılığa gəldik. Mənə 1 il vaxt verildi. Heykəlin bir neçə variantı vardı, Prezident hazırda xiyabanda olan son variantı seçdi”.

Həmin dövrdə heykəlin hazırlanması prosesini yaxından izləmək üçün İlham Əliyevlə Mehriban Əliyeva emalatxanaya da gedib:
“Bu işlə şəxsən İlham Əliyev özü və Mehriban Əliyeva məşğul olurdu. Onlar emalatxanamda olanda heykəlin gil variantına da, son variantına da baxıb təsdiqlədilər. Heydər Əliyevin heykəlini yaratmaq texniki cəhətdən də çox mürəkkəb iş idi”.
Heydər Əliyevin Fəxri xiyabanda ucaldılan heykəlinin arxasında böyük qranit bloklar var. Bu blokların uzunluğu və eni 3 metr, dərinliyi isə 1 metrə yaxındır.
Heykəltaraş bildirib ki, heykəl üzərində iki briqada çalışırdı. Abidə Heydər Əliyevin ildönümünə tam hazırlanmalı idi.
Həm Heydər Əliyevin qızılgüllərə olan sevgisi, həm də insanların bir ilə yaxın müddətdə fasiləsiz şəkildə qızıl güllərlə Fəxri xiyabana axın edərək Heydər Əliyevi ziyarət etməsi Ömər Eldarovu heykəlin aşağı hissəsində bu motivdən istifadəyə sövq edib. Lakin bu ideyanın gerçəkləşdirilməsi heç də asan olmayıb.

“Fiqurun aşağı hissəsində qızılgüllər əks olunub. Gülləri biz qırmızı qranitdən yox, parfirdən (al qırmızı rəngli şüşə materialıdır-müəl.) düzəltdik. Bu metal yalnız Kareliyada olur və mən xahiş etdim ki, onu gətirsinlər. Şüşə materialı olduğu üçün ona forma vermək çox çətin oldu. Qızılgül fiquru əkilmiş formadadır, rəng olaraq da qranitdən fərqlənir. Bu iş üzərində çox adam işləyib. Memarların, heykəltaraşların, qranit ustalarının briqadaları birgə çalışırdı. Abidəni ucaltmaq da asan iş deyildi”.
Heydər Əliyevin Fəxri xiyabandakı abidə kompleksində ən çox diqqət çəkən, heykəltəraşlıq dilində ən “danışan” detal məhz fiqurun arxasında ucaldılan nəhəng mərmər blokdur. İlk baxışda dekorativ fon təsiri yaratsa da, əslində bütöv kompozisiyanın fəlsəfi yükü bu massiv elementin üzərində cəmlənib. Ömər Eldarov burada sırf plastik həll deyil, həm də Azərbaycan dövlətçiliyinin yaddaş kodlarını mərmərin dili ilə ifadə etməyə çalışıb.
Çünki heykəlin önündə dayanan fiqur Azərbaycan xalqının keçdiyi çoxqatlı tarixi yolun simvolik dayağı kimi oxunur. Lider obrazı bu fonun qarşısında ucalaraq göstərir ki, onun fəaliyyəti boşluqda yaranmayıb, arxasında ağır, mürəkkəb, bəzən ağrılı, bəzən qalxan, lakin bütövləşən bir dövlətçilik tarixi dayanır.
Mərmər blok müxtəlif istiqamətlərdə qırılan, sərt və yumşaq xəttlərin birləşdiyi relyefdən ibarətdir. Buradakı qırılmalar Azərbaycanın XX əsrdə yaşadığı sarsıntıların işğalların, siyasi təlatümlərin, parçalanmaların, dövlətçilik boşluğu dövrlərinin simvolik təsviridir.

Lakin bu parçalanmalar xaotik göstərilməyib. Heykəltəraş qaya kütləsinin bütövlüyünü qorumaqla göstərir ki, xalqın tarixi sınsa da, dağılmayıb. Sanki görünməyən bir əl bu müxtəlif səth və qırılmaları yenidən bir mərkəzə bağlayır. O mərkəz isə heykəlin önündə dayanan lider obrazı ilə mənalanır.
Blokda həm sərt künclər, həm qaya kütləsini xatırladan iri parçalanmalar, həm də dalğavari səth keçidləri var. Bu ölkənin uzun illər çətinliklər içindən çıxış yolunu tapması, geosiyasi təlatümlərdən keçməsi, tədrici şəkildə sabitliyə və inkişaf trayektoriyasına yönəlməsi mənasını daşıyır.
Mərmərin yuxarı doğru genişlənən, açılan forması isə simvolik olaraq inkişaf dinamikasını göstərir: xalq yüksəlir və bu yüksəlişin mərkəzində dayanan lider kompozisiyanı tamamlayır.
Heykəl və memorial abidə 2004-cü ilin dekabrında,- hazırlanma prosesi bitdikdən sonra Fəxri xiyabanda ucaldılıb.