Modern.az

Şuşada çəkilmiş ilk bədii filmi nümayiş olunub

Şuşada çəkilmiş ilk bədii filmi nümayiş olunub

Mədəniyyət

28 Yanvar 2026, 12:04

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Bakı Baş Mədəniyyət İdarəsinin dəstəyi ilə “Milli Kino” layihəsini davam etdirir.

Modern.az xəbər verir ki, layihə çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində ermənilərin tarixi yurd yerlərimizdə soydaşlarımıza qarşı törətdiyi düşmənçilik siyasətindən bəhs edən “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş etdirilib.

“Narimanfilm” kinostudiyasının istehsalı olan “Doğma torpaq” filmi Azərbaycanın yaxın tarixinin üç mühüm mərhələsini canlandırır. Bunlar Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulması, birinci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun Vətən Müharibəsindəki böyük Zəfəridir.

Bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, prodüseri Nəriman Məmmədovdur. Baş rolları aktyor Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) ifa edirlər. Aktyor heyəti Azərbaycanın Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, aktyorlar Orxan Abbasov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqalarından ibarətdir.

“Doğma torpaq” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib. Ekran əsərinin çəkilişlərində “PASHA Holding”, “United Alliance group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV iştirak edib. Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində gerçəkləşdirilib.

Məlumat üçün onu da bildirək ki, “Doğma torpaq” işğaldan azad olunmuş Şuşa şəhərində çəkilmiş ilk bədii filmdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır